...

Azərbaycandakı Amerika Ticarət Palatası yeni prezident və direktorlar şurasının üzvlərini seçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2013 13:13 (UTC +04:00)
Azərbaycandakı Amerika Ticarət Palatası illik iclasını keçirərək, yeni prezident və direktorlar şurasına altı yeni üzv seçib. Ernst & Young şirkətinin Azərbaycandaki idarəedici tərəfdaşı İlqar Vəliyev Amerika ticarət palatasının Azərbaycandakı prezidenti seçilib.
Azərbaycandakı Amerika Ticarət Palatası yeni prezident və direktorlar şurasının üzvlərini seçib

Azərbaycan, Bakı, 4 mart /Trend/

Azərbaycandakı Amerika Ticarət Palatası illik iclasını keçirərək, yeni prezident və direktorlar şurasına altı yeni üzv seçib. Ernst & Young şirkətinin Azərbaycandaki idarəedici tərəfdaşı İlqar Vəliyev Amerika ticarət palatasının Azərbaycandakı prezidenti seçilib.

İlqar Vəliyev 1973-cü ildə, Bakıda anadan olub. Azərbaycan dövlət iqtisad universitetini fərqlənmə diplomu ilə bitirən İ.Vəliyev, 1994-cü ildə Ernst & Young şirkətinə daxil olaraq, beynəlxalq mühasibat şirkətində işləyən ilk azərbaycanlılardan biri olub. 2007-ci ilin yayında İlqar Vəliyev beynəlxalq auditor firmasından tərəfdaş vəzifəsi təklifi almış ilk azərbaycanlı olub. Ernst & Young-da çalışarkən, İlqar Moskvada birillik təcrübə keçib və iki il Böyük Britaniyada, Ernst & Young-da işləyib. O, Azərbaycanda lisenziya almış auditordur, Amerikada isə mühasib sertifikasiyasına malikdir. İlqar Vəliyev 2007-ci ilin mart ayından Amerika Ticarət Palatasının Direktorlar Şurasının fəal üzvüdür. Bu müddət ərzində Vəliyev AMCHAM-da bir sıra rəhbər vəzifələr tutub: 2009-cu ilin aprelindən vitse-prezident, 2010-cü ilin noyabrından - birinci vitse-prezident. 2012-ci ilin dekabr ayından etibarən, İlqar Vəliyev Amerika ticarət palatasının prezidenti səlahiyyətlərinin icraçısı qismində çıxış edib.

Vəliyevlə birgə, direktorlar şurasına yeni seçilmiş üzvlər - KPMG Azərbaycandakı idarəedici tərəfdaşı Vüqar Əliyev, Golden Pay şirkətinin təsisçisi və baş direktoru Fərid İsmayılzadə, Baker & McKenzie-CIS Limited şirkətinin tərəfdaşı Gündüz Kərimov, Azerfon (Nar Mobile ticarət nişanı) şirkətinin baş direktoru Kent Makneli, BP şirkətinin Azərbaycanda əməliyyatlar üzrə vitse-prezidenti Mark Cey-Tomas, Chevron şirkətinin Azərbaycandakı regional meneceri Erik Uolker və şuranın hazırkı üzvləri - PwC şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Mövlan Paşayev, Societe Generale-ın Azərbaycandakı nümayəndəliyinin başçısı Teybə Quliyeva və Deloitte şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı Nuran Kərimov daxil ediliblər.

Azərbaycanda Amerika Ticarət Palatası, Azərbaycanda biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılan AMCHAM Azərbaycan iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən 250 tam üzv və tərəfdaşı özündə birləşdirir. AMCHAM Azərbaycanda bütün xarici investisiyaların 80 faizini və yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. AMCHAM üzvləri sahə komitələri vasitəsilə məlumat mübadiləsi aparmaq, ümumi maraq doğuran məsələlər qaldırmaq və mümkün həllər təklif etmək imkanı alır. AMCHAM üzvləri Azərbaycanda və ABŞ-da geniş biznes məlumatı və əlaqələr şəbəkəsinə çıxış imkanına malikdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti