...

Şəmkirdə "Üzümçülüyün inkişafı və üzüm emalına dəstək" mövzusunda tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2013 16:19 (UTC +04:00)
Bu gün Şəmkirdə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Üzümçülüyün inkişafı və üzüm emalına dəstək” mövzusunda tədbir keçirilib.
Şəmkirdə "Üzümçülüyün inkişafı və üzüm emalına dəstək" mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 7 mart /Trend/

Bu gün Şəmkirdə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Üzümçülüyün inkişafı və üzüm emalına dəstək" mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 100-dən çox sahibkar iştirak edib.

Tədbiri giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd edib. Bildirilib ki, hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir, yeni müəssisələr və iş yerləri açılır, müasir infrastruktur yaradılır. Qasımov qeyd edib ki, ölkə başçısının sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlərin həlli, infrastruktur layihələrinin davam etdirilməsi, sənayeləşmə, regionlarda sahibkarlığın inkişafı, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, aqrar sahədə yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması barədə təkliflərin hazırlanması, özəl bölmənin inkişafı, sahibkarlığın məsləhət və informasiya təminatının gücləndirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ölkənin bütün iqtisadi rayonlarında tədbirlər keçirilir.

Tədbirdə, həmçinin diqqətə çatdırılıb ki, ölkəmizdə beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli şərabçılıq məhsulları istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Ötən il Gəncədə keçirilmiş "I Beynəlxalq Şərab Festivalı"nda nümayiş olunan yüksək keyfiyyətli yerli şərabçılıq məhsulları bunun əyani göstəricisidir. Bununla belə, ölkəmizin təbii-iqlim şəraitinə uyğun məhsuldar üzüm sortlarının yetişdirilməsi üzüm və şərabçılıq məhsulları ilə daxili bazarı təmin etməklə yanaşı xarici ölkələrə ixrac imkanlarını artırır. Şöbə müdiri şərabçılığın inkişafı, istehsal olunan məhsulların rəqabətqabiliyətliliyinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini və bu sahədə sahibkarlara hər cür dəstək göstərildiyini qeyd edib.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Şəmkirin də sürətlə inkişaf etdiyini, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib. Bildirilib ki, Şəmkir və ətraf rayonların təbii-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilməsinə, bu sahədə istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə öz növbəsində üzüm və şərabçılıq məhsullarının ixracının artırılmasına şərait yaradır.

İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları və şərab məhsullarının xarici bazarlara çıxarılmasında "GSP+" proqramının əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Hüseyn Məmmədov Azərbaycanda üzümçülük və şərabçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün üzümçülük təsərrüfatları ilə tədarük, emal və şərabçılıq müəssisələri arasında qarşılıqlı səmərəli əlaqələrin gücləndirilməsinin əhəmiyyətindən bəhs edib.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rofət Hüseynəliyev və Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Famil Şərifov üzümçülük və şərabçılıq sahəsində kadr hazırlığı, bu sahənin elmi təminatının və kadr potensialının gücləndirilməsi, üzüm istehsalı və emalı sahəsində klaster yanaşmanın tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, üzüm əkini sahələrinin genişləndirilməsinin və intensiv metodların tətbiqinin əhəmiyyətini diqqətə çatdırıblar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti