...

Azərbaycanda cari ilin I rübündə vergi borcları xeyli azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 18:19 (UTC +04:00)
Vergi daxilolmalarının dövlət büdcəsinə alınması istiqamətində görülmüş tədbirlər nəticəsində 2013-cü ilin I rübü ərzində vergi borclarının məbləği əhəmiyyətli dərəcədə azalıb.
Azərbaycanda cari ilin I rübündə vergi borcları xeyli azalıb

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Vergi daxilolmalarının dövlət büdcəsinə alınması istiqamətində görülmüş tədbirlər nəticəsində 2013-cü ilin I rübü ərzində vergi borclarının məbləği əhəmiyyətli dərəcədə azalıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, hesabat dövrü ərzində yaranmış 60 min 238 borclu vergi ödəyicisindən 87,1%-nin, cari ilin əvvəlinə olan borclu vergi ödəyiciləri də nəzərə alınmaqla isə borcu olan vergi ödəyicilərinin 94,3%-nin borcu tamamilə ləğv edilmişdir.

I rüb ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə onlara məxsus olan əmlakların siyahıya alınması barədə 14 min 791 qərar açılmış, hesabat dövründə açılmış qərarlar da daxil olmaqla bunlardan 92%-i borcu ləğv edildiyinə görə bağlanmışdır.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış etmələri müəyyən olunmuş fiziki şəxslərin borclarının hüquqi şəxslərdəki paylarından tutulması istiqaməti üzrə 57 fiziki şəxsin borc məbləğinin onların hüquqi şəxsdəki təsis payından tutulması məqsədilə əvvəlki dövrlərdə verilmiş iddialardan 9-u üzrə müvafiq məhkəmə qətnamələri çıxarılmışdır. Həmin vergi ödəyicilərindən 10-u üzrə borc iddia qaldırılana qədər ödənilmiş, 1-i üzrə isə borc məhkəməyə iddia verildikdən sonra ödənildiyindən müvafiq qərardad çıxarılmışdır. Hesabat dövrü ərzində hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış etmələri müəyyən olunmuş 538 borclu fiziki şəxslə aparılmış müvafiq tədbirlər nəticəsində 222,5 min manat məbləğində borcun tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Sahibkarlıq fəaliyyətini dayandırmış, lakin dövlət büdcəsi qarşısında öhdəliklərini tam icra etməyən fiziki şəxslərin borclarının onların mülkiyyətində (şəxsi istifadəsində) olan nəqliyyat vasitələrinə yönəldilməsinə xüsusi diqqət yetirilmişdir. Hesabat dövrü ərzində 12 belə vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınmış, 441 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərilərinə həbs qoyulmaqla cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmə qərardadları çıxarılmış, nəticədə 2 milyon 446,4 min manat məbləğində borcun dövlət büdcəsinə alınması təmin edilmişdir.

Əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, faktiki olaraq fəaliyyətini dayandırmış, əmlakı olmayan və xırda məbləğli borcları olan vergi ödəyiciləri üzrə "İnzibati icraat haqqında" qanunun tələblərinə uyğun olaraq birbaşa icra məmurlarına edilən müraciətlər nəticəsində 309 vergi ödəyicisinin borcları tamamilə ödənilmişdir.

Hesabat dövründə əmlakı olmayan borclu vergi ödəyiciləri üzrə ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar olaraq vergi orqanları tərəfindən aidiyyəti üzrə edilmiş müraciətlər nəticəsində 14 vergi ödəyicisinin ölkədən getmə hüququ məhdudlaşdırılmışdır.

Ümumilikdə 01.04.2013-cü il tarixinə borc məbləği ilin əvvəli ilə müqayisədə 7,5%, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 16,3% azalmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti