...

İƏT-ə üzv ölkələr arasında bir sıra sənədlər qəbul olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 14:11 (UTC +04:00)
Bu gün, aprelin 26-da İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransı başa çatıb.
İƏT-ə üzv ölkələr arasında bir sıra sənədlər qəbul olunub

Azərbaycan, Bakı, 26 aprel / Trend /

Bu gün, aprelin 26-da İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransı başa çatıb. Konfransın yekunu olaraq, Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq məsələləri ilə bağlı Bakı Çərçivə Sənədi, Bakı Bəyannaməsi və Əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq üzrə Qətnamə yekdilliklə qəbul olunub. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumatda deyilir.

Sənədlər təşkilata üzv ölkələr arasında işsizliyin azaldılması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və beynəlxalq standartlara çatdırılması, onun məhsuldarlıq səviyyəsinin yüksəldilməsi, təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun aradan qaldırılması, əməyin mühafizəsi, qeyri-leqal məşğulluq hallarına son qoyulması və digər sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini nəzərdə tutur.

Bununla yanaşı, Ermənistan silahlı bölmələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından məcburən qaçqın və köçkünə çevrilməsi, o cümlədən işğal edilmiş ərazilərdə yüz minlərlə iş yerinin qalması konfransda vurğulanıb. Bununla bağlı olaraq, konfrans iştirakçılarının yekdil rəyinə əsasən, qəbul olunmuş qətnamədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz boşaldılması barədə müddəa da əksini tapıb.

Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əmək və məşğulluq məsələləri ilə bağlı uzunmüddətli əməkdaşlıq prioritetləri üzrə əlaqələndirmə işlərini yerinə yetirmək üçün təşkilatın xüsusiləşdirilmiş orqanının yaradılması, bu orqanın Bakıda fəaliyyət göstərməsi barədə Azərbaycan tərəfinin təklifi yekdilliklə dəstəklənib və qeyd olunan sənədlərə daxil edilib.

Konfransa sədrlik edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov tədbirin yekunu olaraq çıxışında İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin əmək nazirlərinin 2011-ci ilin sentyabrında İstanbulda keçirilmiş ilk konfransının uğurlu bir başlanğıc olduğunu və aradan ötən il yarımlıq dövr ərzində əməkdaşlığın dinamik xarakter almasının bu sahədə keyfiyyətcə yeni və praktik bir mərhələyə qədəm qoyulmasına imkan yaratdığını deyib. Qeyd olunub ki, həmin sənədlərin layihələri bütün üzv ölkələrin rəy və təklifləri nəzərə alınaraq hazırlanıb və aprelin 23-24-də üzv ölkələrin əmək nazirliklərinin işçi iclaslarında verilən təkliflər də qəbul edilərək daha da təkmilləşdirilib.

Sənədlər İƏT-ə üzv ölkələr arasında əmək və məşğulluq sahələrində aktiv siyasətlərin hazırlanması və icrasında qarşılıqlı təcrübə və məlumat mübadilələrinin aparılmasına, məlumat şəbəkəsinin qurulmasına səbəb olacaq. Sənədlərə əsasən, Azərbaycan növbəti konfransa qədər olan müddətdə vahid əlaqələndirmə şəbəkəsinə məsul bir ölkə kimi seçilib.

Bu vəzifənin İƏT-in və Təşkilata üzv ölkələrin inam və etimadına layiqli şəkildə icra ediləcəyini deyən nazir Fizuli Ələkbərov, həmçinin bu Təşkilat yanında əmək məsələləri üzrə xüsusiləşdirilmiş orqanın yaradılması və onun səmərəli fəaliyyəti üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb. Bildirilib ki, vahid əlaqələndirmə funksiyasını yerinə yetirəcək bir ölkə kimi, Azərbaycan növbəti illərdə İƏT-ə üzv ölkələrin nümayəndələrinin iştirakı ilə müəyyən formatlarda tədbirlərə ev sahibliyi edəcək. Həmin tədbirlər islam ölkələrində yoxsulluğun azaldılmasına və məşğulluğun dəstəklənməsinə yönələn aktiv siyasətlərin, sosial reabilitasiya proqramlarının hazırlanmasına yardım göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti