Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A. Axundov/
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunun inkişafının prioritet sahələri üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin yaydığı məlumatda deyilir.
Məlumata görə, mayın 17-də Ağdam rayonunun Xındırıstan kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Ağdam rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir soyuducu anbar komplekslərinin yaradılması;
- kiçik həcmli müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli tərəvəz emalı müəssisəsinin yaradılması;
- kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması.
Sahibkarıar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibklarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün SKMF-yə müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A. M. Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29, faks: (012) 432-37-17.