...

PAŞA Bank "Avropada ən yaxşı Korporativ Sosial Məsuliyyət Proqramı" nominasiyası üzrə mükafat alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2013 17:32 (UTC +04:00)
Avstriyanın paytaxtında "Europe Banking Awards 2012" bank mükafatının təqdim edilməsi mərasimi baş tutub. Azərbaycanın aparıcı banklarından biri olan "PAŞA Bank" eyni zamanda iki nominasiya üzrə mükafata layiq görülüb.
PAŞA Bank "Avropada ən yaxşı Korporativ Sosial Məsuliyyət Proqramı" nominasiyası üzrə mükafat alıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Avstriyanın paytaxtında "Europe Banking Awards 2012" bank mükafatının təqdim edilməsi mərasimi baş tutub. Azərbaycanın aparıcı banklarından biri olan "PAŞA Bank" eyni zamanda iki nominasiya üzrə mükafata layiq görülüb. Bank Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı və özünün Korporativ Sosial Məsuliyyət Proqramı (KSM) üzrə Avropada ən yaxşı bank elan olunub.

Bankın İdarə Heyətinin üzvü, investisiyalar üzrə baş direktor (CIO) Taleh Kazımov mükafatlandırma mərasimindən sonra bildirmişdir ki, "PAŞA Bank"ın investisiya istiqamətindəki fəaliyyətinin nəticələri peşəkar ictimaiyyət tərəfindən yenidən yüksək qiymətləndirilib və bunun nəticəsində bank ardıcıl olaraq ikinci dəfədir ki, bu mükafata layiq görülüb.

T.Kazımov bildirib: "2 ildən bir qədər artıq müddətdə PAŞA Bank tərəfindən bank, lizinq və telekommunikasiya sektorları daxil olmaqla, müxtəlif sahələri təmsil edən 6 emitentdə korporativ istiqrazlar buraxılıb (ümumi məbləği təxminən 102,4 mln. AZN təşkil edən 10 buraxılış). PAŞA Bank təkrar bazarda anderrayter olduğu bütün böyük buraxılışlar üzrə market-meyker xidmətləri göstərir. Xatırladım ki, 2012-ci ildə PAŞA Bank Azərbaycan İpoteka Fondunun ipoteka istiqrazları üzrə market-meyker xidmətləri göstərməyə başlamışdır. Bazarda yüksək likvidliyi nəzərə alaraq, təkrar bazarda 7 illik ipoteka kağızlarının gəlirliliyi 3 faizdən 2,962 faizədək azalıb (emissiyanın həcmi - 55 mln. AZN). 2012-ci ilin sonuna bankın yerli qiymətli kağızlar portfeli təxminən 300 mln. AZN təşkil etmişdir (382 mln. ABŞ dollarından artıq) ki, bu da yerli bazarda qiymətli kağızların 50 faizdən çoxunu təşkil edir. Bankın qiymətli kağızlarının ümumi portfeli 335 mln. AZN-dən yüksək olmuşdur (427 mln. ABŞ dollarından artıq) - ötən illə müqayisədə artım 23,7 faiz təşkil edib".

"PAŞA Bank"ın İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Sona Abbasovanın sözlərinə görə, bazarda nisbətən qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, bank özünün 2012-2014-cü illər üçün İnkişaf Strategiyası çərçivəsində KSM sahəsində fəaliyyətinin məqsədlərini, vəzifələrini və prioritet istiqamətlərini son dərəcə dəqiqliklə qeyd etmiş və artıq mədəniyyət, təhsil və idman sahələrində bir çox layihələri müvəffəqiyyətlə həyata keçirmişdir: "Özünün KSM Proqramı çərçivəsində geniş spektrli təşəbbüsləri həyata keçirən PAŞA Bank cəmiyyətin rifahının yüksəlməsinə və Azərbaycanın gələcək inkişafına xidmət edir. Biz çox şadıq ki, səylərimiz beynəlxalq işgüzar ictimaiyyət tərəfindən bu cür yüksək qiymətləndirilib".

Qeyd edək ki, mükafatın təsisçisi "EMEA Finance" nüfuzlu beynəlxalq maliyyə jurnalıdır. "Europe Banking Awards"ın qalibləri dünyanın aparıcı ekspertləri - maliyyə sektorunun analitiklərinin və bank konsultantlarının iştirak etdiyi səsvermənin nəticələrinə görə müəyyən olunur.

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan "PAŞA Bank"da 207 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub.

"PAŞA Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm, eləcə də biznesin sair istiqamətlərində geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti