Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda ünvanlı sosial yardımın verilməsinə başlandığı andan (2006-cı il) bir milyard dollardan artıq məbləğ xərclənib. Bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında ünvanlı social yardımın (ÜSY) verilməsi üzrə alternativ mexanizm olan "Özünədəstək" layihəsinin eksperti Qalib Bayramov bildirib.
Onun sözlərinə görə, ünvanlı sosial yardımın ödənilməsinin əsas məqsədi aztəminatlı ailələrdə minimum ehtiyacları ödəməkdir.
"Özünədəstək" layihəsi aztəminatlı ailələrə öz bizneslərini yaratmağa imkan verir. Bu ünvanlı sosial yardım birillik ümumi məbləğin birdəfəlik ödənilməsi yolu ilə həyata keçirilir.
Bayramov bildirib: "Bizim tərəfdən Xaçmaz rayonunda və Bakının Nizami rayonunda aparılan ilkin araşdırmalara görə, hər bir ailədə bu məbləğ 1100-1600 manat aralığında dəyişir. "Özünədəstək" layihəsi çərçivəsində əldə olunan vəsaitlər kənd təsərrüfatına qoyulub. Monitorinqlər ünvanlı sosial yardımdan "Özünədəstək" layihəsinin reallaşdırılmasına keçidin vaxtının çatdığını göstərir. Mən ümid edirəm ki, Azərbaycanda bu prosesə tam keçid artıq 2014-cü ildə başlayacaq".
Ekspertin fikrincə, vəsaitlər öz təyinatı üzrə xərclənmədiyi təqdirdə geri tələb oluna bilər.
Bayramov bildirib: "Özünədəstək" proqramı çərçivəsində vəsaitlərin alınması ilə bağlı ərizədə onların xərclənəcəyi işlər göstərilməlidir. Bu günə kimi ayrılmış vəsaitlərin düzgün istifadə olunmaması ilə bağlı iki hal qeydə alınıb ki, bu halda vəsaitlər geri qaytarılıb".