...

Vergilər Nazirliyi: Biznes mühitinin liberallaşdırılması Azərbaycana beynəlxalq hesabatlarda mövqeyini yaxşılaşdırmağa imkan verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2013 17:34 (UTC +04:00)
Azərbaycanda azad biznesə və sahibkarlığa geniş şəraitin yaradılması ölkənin beynəlxalq hesabatlarda mövqeyinin ilbəil yaxşılaşmasına səbəb olur.
Vergilər Nazirliyi: Biznes mühitinin liberallaşdırılması Azərbaycana beynəlxalq hesabatlarda mövqeyini yaxşılaşdırmağa imkan verir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda azad biznesə və sahibkarlığa geniş şəraitin yaradılması ölkənin beynəlxalq hesabatlarda mövqeyinin ilbəil yaxşılaşmasına səbəb olur. Bu barədə cümə axşamı Trend-ə Vergilər Nazirliyinin Strateji araşdırmalar idarəsinin rəisi İmran Qarayev deyib.

İ.Qarayevin sözlərinə görə, bu uğurun əldə edilməsi, ilk növbədə, Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir.

O, qeyd edib ki, qloballaşan müasir dünyada iqtisadi inkişafın təmin edilməsinin ən əsas şərtlərindən biri rəqabət qabiliyyətli mühitin formalaşmasından ibarətdir: "Rəqabət qabiliyyətli mühit bir tərəfdən təsərrüfat subyektləri arasında azad rəqabət yaratmaqla iqtisadiyyatın modernləşdirilməsinə, yeni texnologiyaların tətbiqinə şərait yaradır, digər tərəfdən isə istehsal olunan mal və xidmətlərin keyfiyyətini artırır. Azərbaycan hökumətinin azad biznes mühitinin təmin olunması və rəqabət qabiliyyətinin dərin xarakter alması ilə bağlı təsirli və kompleks islahatları hazırda daha geniş miqyas alıb. Dövlətin biznesə müdaxiləsinin tamamilə qarşısının alınması ilə bağlı həyata keçirdiyi yeni texnoloji metodlar, tətbiq edilən elektron xidmətlər, biznesin idarə olunmasında ən son informasiya texnologiyalarından istifadə, "Elektron hökumət" layihəsi və digər kompleks tədbirlər bu strategiyanın ən başlıca istiqamətləri sayıla bilər".

Qeyd edək ki, Dünya İqtisadi Forumunun (DİF) hər il tərtib etdiyi hesabata görə, 2013-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Azərbaycan ötən illə müqayisədə mövqeyini 7 bənd yaxşılaşdırıb.

Azərbaycan rəqabət qabiliyyəti indeksi üzrə artıq beşinci ildir ki, MDB məkanında liderdir. Sonrakı yerləri Qazaxıstan (50-ci yer), Rusiya (64), Gürcüstan (72), Ermənistan (79), Ukrayna (84) və s. tuturlar.

Qlobal rəqabət qabiliyyəti səviyyəsinə görə ilk beşlikdə yer almış ölkələr İsveçrə (5.67 bal), Sinqapur (5.61), Finlandiya (5.54), Almaniya (5.51) və ABŞ-dır (5.48).

DİF rəqabət qabiliyyəti indeksinin hesablanması üçün 12 göstəricidən istifadə edir. Bunlar institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ibtidai təhsil, ali təhsil və peşəkar hazırlıq, əmtəə və xidmətlər bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyəti və innovasiya potensialıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti