...

Regionda ən geniş tədbirlərdən olan "Xəzər İnşaat Həftəsi" gələn ay keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2013 16:39 (UTC +04:00)
Regionda gözlənilən və ən geniş tədbir sayılan “Xəzər İnşaat Həftəsi” 23-26 oktyabr tarixində keçiriləcək.
Regionda ən geniş tədbirlərdən olan "Xəzər İnşaat Həftəsi" gələn ay keçiriləcək

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Regionda gözlənilən və ən geniş tədbir sayılan "Xəzər İnşaat Həftəsi" 23-26 oktyabr tarixində keçiriləcək.

"Iteca Caspian" şirkətindən Trend-ə verilən məlumata görə, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, eləcə də xarici meydançanı və ümumi zalı əhatə edən "Xəzər İnşaat Həftəsi" üç böyük sərgini - "BakuBuild", "Aqua-Therm Baku" və "CIPS Caspian" sərgilərini özündə ehtiva edir. Bu il "Xəzər İnşaat Həftəsi" dünyanın 29 ölkəsindən 450-dən artıq şirkəti bir ekspozisiya çərçivəsində birləşdirəcək. Sərgiyə yaxşı hazırlaşmış iştirakçılar Bakıda öz sektorları üzrə ən son təmayülləri təqdim edəcəklər.

"BakuBuild 2013" 19-cu Azərbaycan Beynəlxalq "İnşaat" sərgisi müasir və qabaqcıl inşaat texnologiyalarını, geniş çeşiddə tikinti materiallarını, santexnika avadanlıqlarını, habelə yeni döşəmə örtüklərini, tikinti texnikasını, (həm açıqlıqda, həm də evlərdə quraşdırılan) uşaq meydançalarını, idman ləvazimatlarını, trenajorları və digər məhsulları təqdim edəcək. Yeni sektorlar arasında şəhər dekorasiyası üçün işıqlandırma və səs avadanlıqları bölümü də yer alır. Builki sərgidə ağır sənaye sahəsi, xüsusilə də Azərbaycan, Gürcüstan və BƏƏ-nin metallurgiya zavodları geniş şəkildə təmsil olunacaqlar. Son illər isə bu sərginin səciyyəvi cəhəti də formalaşıb, belə ki, şirkətlər təmsil etdikləri ölkələrin ticarət-sənaye palataları və dövlət orqanlarının fəal iştirakı ilə təşkil olunan böyük milli qruplar şəklində çıxış edirlər. Bu baxımdan, hazırkı sərgi də istisna deyil.

Bu il milli qruplar həmçinin Bakı Ekspo Mərkəzinin böyük zalında da yerləşəcəklər. Onların arasında sərginin daimi iştirakçıları - Almaniya, Yunanıstan, İtaliya, İran, Portuqaliya və Finlandiya kimi ölkələrin milli qrupları yer alır. BƏƏ-nin milli qrupu isə bu il debüt edəcək. Sevindirici haldır ki, yerli iştirakçıların da sayı artmışdır və ümumi sərgi meydançasının 38%-ni təşkil edir. Bundan başqa, bir sıra daimi iştirakçılar yeni formatda iştirak etmək qərarına gəliblər, belə ki, bu il sərginin Qızıl sponsoru qismində "Norm" şirkəti çıxış edir. Digər sponsorlar arasında "Holcim Azerbaijan" və "Emirates steel" (BƏƏ) şirkətləri yer alır.

Elə həmin tarixlərdə "Aqua-Therm Baku 2013" 5-ci Yubiley Beynəlxalq "İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji" sərgisi keçiriləcək. Sərgi ekspozisiyasına istilik sistemləri, izolyasiya materialları, ventilyasiya sistemləri, havapaylayıcı qurğular və bir sıra digər məhsullar daxildir. Bu il "Aqua-Therm Baku" sərgisi öz meydançasında Azərbaycan, İran, İspaniya, İtaliya, Rusiya, Türkiyə, Fransa və digər ölkələrdən 70-dən çox şirkəti bir araya gətirəcək. "Aqua-Therm Baku" sərgisi Bakı Ekspo Mərkəzinin ikinci və dördüncü zallarında keçiriləcək və həm sərgi sahəsinin genişliyi, həm də zəngin ekspozisiya baxımından fərqlənəcəkdir.

"CIPS Caspian 2013" 6-cı Xəzər Beynəlxaq "Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri" sərgisi 23-26 oktyabr tarixində keçiriləcək. Sərgi potensial istehlakçılara etibarlı təhlükəsizlik sistemləri və yüksək səviyyəli intellektual mühafizə vasitələri sahəsində ən son təkmilləşdirmələri təqdim edən istehsalçı, diler və xarici şirkətlərin nümayəndələrini bir araya gətirəcəkdir. Belə ki, builki sərginin iştirakçıları arasında təhlükəsizlik sistemləri, siqnalizasiya, CCTV, girişə nəzarət vasitələri, yanğın təhlükəsizliyi sistemləri və yanğından mühafizə siqnalizasiyası kimi məhsulların istehsalçıları var.

Sərgilərin daimi ziyarətçilərinə isə ənənəvi olaraq dəvətnamələr göndərilir. Sərgiləri ziyarət etmək istəyən şəxslər üçün N. Nərimanov metro stansiyası - Bakı Ekspo Mərkəzi marşrutu üzrə ödənişsiz və komfortlu avtobuslar təklif olunur.

"Iteca Caspian" şirkəti və onun tərəfdaşı Böyük Britaniyanın "ITE Group plc" şirkəti "BakuBuild" sərgisinin təşkilatçıları qismində çıxış edirlər. "BakuBuild" sərgisinə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstək verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti