...

Səfir: Azərbaycan və Litvanın müxtəlif sahələrdə əməkdaşlığının potensialı yüksəkdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2013 14:20 (UTC +04:00)
İkitərəfli münasibətləri inkişaf etdirmək üzrə qarşılıqlı maraq fonunda Azərbaycan və Litvanın müxtəlif sahələrdə əməkdaşlığının potensialı yüksəkdir.
Səfir: Azərbaycan və Litvanın müxtəlif sahələrdə  əməkdaşlığının potensialı yüksəkdir

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir A.Bədəlova/

İkitərəfli münasibətləri inkişaf etdirmək üzrə qarşılıqlı maraq fonunda Azərbaycan və Litvanın müxtəlif sahələrdə əməkdaşlığının potensialı yüksəkdir. Trend-in məlumatına görə, bunu Vilnüsdə azərbaycanlı jurnalistlərə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı, informasiya texnologiyaları, tibb və təhsil iki ölkə arasında əməkdaşlığın perspektivli sahələridir: "Hazırda Litva-Azərbaycan parlamentlərarası dostluq qrupu, həmçinin iki ölkənin əməkdaşlığı üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir. Komissiyanın üçüncü iclası ötən il Vilnüsdə olub, növbəti iclasın isə Bakıda keçirilməsi planlaşdırılır".

İnformasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında danışan H.Məmmədzadə qeyd edib ki, bu istiqamətdə daha böyük potensial var: "Hər iki tərəf bu sahədə əməkdaşlığa maraq göstərir. Biz bu sahədə potensialdan maksimum istifadə edilməsi və birgə layihələrin həyata keçirilməsi üçün hər cür şərait yaratmağa çalışırıq".

Səfir deyib ki, Litva keçmiş SSRİ-də informasiya texnologiyaları sahəsində liderlərdən biri olub və hazırda ölkənin proqramlaşdırma, informasiya texnologiyalarının bank sektorunda tətbiqi məsələlərində, xidmətlər, sığorta və elektron hökumət sahələrində yaxşı təcrübəsi var: "Azərbaycan isə öz növbəsində, bu sahəyə böyük diqqət ayırır və onun inkişafı istiqamətində konkret addımlar atır, eləcə də bu sahədə regionda liderliyə can atır. 2013-cü il Azərbaycanda "İKT ili" elan edilib. Həmçinin, bu il Bakıda İnformasiya Texnologiyaları Universiteti yaradılıb və gündəlikdə bu müəssisəyə litvalı mütəxəssislərin cəlb edilməsi məsələsi də var. Litva eyni zamanda əməkdaşlıq çərçivəsində Azərbaycanın bu sahədəki müəyyən təcrübəsindən yararlana bilər".

Səfir iki ölkə arasında əməkdaşlığın perspektivli sahələri qismində enerjini sektorunu da vurğulayıb: "Litva bir qaz tədarükü mənbəyindən asılıdır və onun şaxələndirilməsinə çalışır. Azərbaycan isə öz qazının ixrac marşrutlarının şaxələndirilməsində maraqlıdır. Azərbaycan Litva üçün tədarük mənbələrindən biri ola bilər, lakin bu istiqamətdə bir sıra texniki məsələlər var".

H.Məmmədzadə deyib ki, əməkdaşlığın perspektivli sahələri, həmçinin tibb və təhsildir: "Litva tibb sahəsində son vaxtlar xeyli uğurlar qazanıb. Bu il Vilnüsdə dünyada ilk dəfə olaraq unikal ürək əməliyyatı keçirildi. Bu sahədə də əməkdaşlıq üçün perspektivlər mövcuddur".

Təhsil sahəsinə toxunan səfir qeyd edib ki, ötən il Litvanın 5 universiteti "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda iştirak edən ali məktəblərin siyasına daxil edilib: "Onlar Gedimanas adına Vilnüs Texniki Universiteti, Elm Universiteti (Kaunas şəhəri) və Böyük Vitautas adına Universitetdir (Kaunas)".

Diplomatın sözlərinə görə, hazırda xaricdə təhsil alan Azərbaycan tələbələrinin sayının artım tendensiyası müşahidə edilir. İndi Litvada 180 azərbaycanlı tələbə təhsil alır ki, bu da yüksək göstəricidir.

H.Məmmədzadə iki ölkə arasında əməkdaşlığın prioritet sahəsi qismində turizm sektorunu da qeyd edib. Səfir tvinninq proqramı çərçivəsində layihəni xatırladıb: "Həmin layihəyə əsasən, Litva Azərbaycanın xahişi ilə Naftalan kurortunun inkişafı üzrə konsultasiya xidmətləri göstərir. Eyni zamanda, özünün məşhur Druskininkay qış kurortu ilə bağlı təcrübəsini bölüşəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti