...

"British Airways" uçuş coğrafiyasını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2014 15:29 (UTC +04:00)
"British Airways" aviaşirkəti 2014-cü ilin yay cədvəli üçün yeni təyyarələrlə uçuşların və marşrutların sayını artıraraq, sərnişinlərə daha geniş seçim və üstünlüklər təklif edir.
"British Airways" uçuş coğrafiyasını genişləndirir

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

"British Airways" aviaşirkəti 2014-cü ilin yay cədvəli üçün yeni təyyarələrlə uçuşların və marşrutların sayını artıraraq, sərnişinlərə daha geniş seçim və üstünlüklər təklif edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, artıq aviaşirkətin parkında 3 "Airbus A380" və 4 "Boeing 787" təyyarəsi mövcuddur. Yeni alınmış "Airbus A380" avialayneri sayəsində "British Airways" 2014-cü il sentyabr ayının 1-dən etibarən Vaşinqton (ABŞ) istiqamətində uçuşlara başlayacaq. Hazırda sözügedən avialayner Los-Anceles (ABŞ) və Honkonq (Çin) şəhərlərinə uçuşlar yerinə yetirir, fevral ayında isə Yohannesburq (CAR) istiqamətində uşulara başlayacaq.

"Boeing 787" təyyarəsinə gəldikdə, cari il martın 30-dan etibarən bu avialaynerlər Heydərabad (Hindistan), mayın 5-dən Çendu (Çin), iyunun 5-dən Filadelfiya (ABŞ), iyulun 5-dən etibarən isə Kalqari (Kanada) şəhərləri istiqamətində xidmət göstərəcək.

Bundan başqa, "British Airways" aviaşirkəti ötən ilin sentyabr ayında açılmış London-Çendu aviareysi üzrə uçuşların sayını cari il mayın 5-dən etibarən həftədə 3 dəfədən 5 dəfəyədək artıracaq.

Mayın 6-dan Tokionun (Yaponiya) Haneda aeroportuna uçuşların sayı həftədə 5 dəfədən 7 dəfəyədək artırılacaq. Eyni zamanda, Haneda limanına uçuşlar daha rahat vaxta keçiriləcək - 08:50-də (hazırda 06:35-də). Aprelin 27-dən Mexiko (Meksika) istiqamətində uçuşlar da həftədə 5 dəfədən 6 dəfəyədək artırılacaq.

Keyptaun (CAR) şəhərinə əlavə olaraq həftədə daha 3 uçuş yerinə yetiriləcək və nəticədə bu şəhərə həftəlik uçuşların sayı 7 dəfədən 10 dəfəyədək artırılacaq. Uçuşlar "Boeing 777-200ER" təyyarəsi ilə yerinə yetiriləcək ki, bu da əlavə olaraq 219 sərnişin deməkdir.

"British Airways" aviaşirkətinin Böyük Britaniya və İrlandiya üzrə satış bölməsinin rəhbəri Riçard Tams bildirib: "Biz yeni təyyarələr sayəsində Hindistan, Çin və Amerika istiqamətində uçuş coğrafiyasını genişləndirmək, eyni zamanda, mövcüd aviareyslər üzrə uçuşların sayını artırmaq imkanını əldə etmişik. Ümumi həcmi 5 mlrd. funt sterlinq təşkil edən investisiyalarımızın əsas hissəsi avialaynerlərin alınmasına, yeni marşrutların açılmasına, mövcüd aviareyslərin sayının artırılmasına və uçuş cədvəlinin yaxşılaşdırılmasına yönəldilib. Biz sərnişinlərimiz tərəfindən yeni təyyarələrimizlə bağlı müsbət rəylər alırıq və müştərilərimizə şəbəkəmizin genişliyini nümayiş etdirməkdə məmnunuq".

Onun sözlərinə görə, aviaşirkət növbəti 3 il ərzində daha 12 "Airbus А380" və 24 "Boeing 787" təyyarəsi aldıqdan sonra uçuş coğrafiyası bir qədər də genişləndiriləcək: "Biz Çendu, Tokio, Mexiko və Keyptaun kimi şəhərlər istiqamətində xidmətlərimizin genişləndirilməsindən məmnunuq. Belə ki, bu şəhərlərə xeyli tələbat var və biz bilirik ki, birbaşa müntəzəm aviareyslər sərnişinlərimiz üçün vacibdir".

Qeyd edək ki, sözügedən istiqamətlər üzrə rezervasiyanı aviaşirkətin www.ba.com internet səhifəsində etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti