...

Bazar iştirakçısı: Azərbaycanda avtomobil kreditləşməsi gələcəkdə məhdudlaşdırıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2014 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkədə istehlak kreditləşməsi bazarına gələcəkdə məhdudiyyətlərin qoyulması avtomobil kreditlərinə şamil edilə bilər. Trend-in məlumatına görə, bunu cümə günü VTB Qrupun Azərbaycanda törəmə bankının İdarə heyətinin sədri Aleksandr Yeryomin borclunun gəlirləri barədə arayış təqdim etmədən təmin edilməmiş kreditlərin verilməsinin dayandırılmasına dair tənzimləyicinin təlimatını şərh edərkən deyib:

"Güman edirəm ki, AMB bu qərarla məhdudlaşmayacaq. Fikrimcə, yaxın vaxtlarda bu növ məhdudiyyətlər yenə olacaq. Onlar kiçik biznesin kreditləşməsinə, mikro kreditləşməyə, avtomobil kredirtləşməsinə və digər sahələrdə kreditlərin verilməsinə şamil oluna bilər".

Onun sözlərinə görə, təmzimləyicinin təlimatı bazar iştirakçılarına ciddi nəzarət və pozuntuların yolverilməzliyinin lazım olduğunu bir daha xatırladıb: "Mərkəzi Bankın borclunun gəlirlərinin qiymətləndirilməsinə görə nəzarət haqqında təlimatı bankımıza daha az təsir edəcək. Bank VTB-də (Azərbaycan) belə kreditlərin bazası olduqca kiçik idi, biz onları qeyri-standart kreditlər adlandırırıq. Müştərinin təmsil etdiyi şirkətin səviyyəsini bilərək onun gəlirlərini yoxlaya bildiyimiz zaman iri müəssisə rəhbərlərinə ayırdığımız kreditlər məhz bu cür kreditlərdir. Bu cür kreditlərin xüsusi çəkisi olduqca az idi, onun həcmi bir borcluya görə risklərin qəbul edilən limiti ilə məhdudlaşıb. Həmin limit Bank VTB (Azərbaycan) tərəfindən kapitalın ümumi həcminin 5 faizi səviyyəsində müəyyən edilib".

A.Yeryomin qeyd edib ki, bankın belə kreditləri az olub: "Yəni təkcə pərakəndə kerditləşmənin ümumi həcminin təqribən 21 faizi səviyyəsində olub. Bu o deməkdir ki, bankın ümumi portfelində qeyri-standart kreditlərin payı daha az olub. Buna görə də tənzimləyicinin təlimatı bankın fəaliyyətinə demək olar ki, təsir etməyib. Çünki əməkhaqqı haqqında sənədin təqdim edilməsi bankımızda kredit almaq üçün mütləq şərtdir".

O, hesab edir ki, tənzimləyicinin qərarı ölkənin bir çox bankları üçün təsirsiz ötüşməyəcək: "Ümumbank təcrübəsi elədir ki, pərakəndə bazarlar belə, kreditləşməyə meyl edirlər, çünki kredit portfelinin keyfiyyətinə nəzarətin ən yaxşı göstəricisi statistikadır. Bank olduqca böyük statistikaya malik olan zaman və kredit ödənişini ən az gecikdirən müştərilərin kateqoriyasını müəyyənləşdirmək üçün portfelini seqmentlərə ayırmaq iqtidarındadırsa, belə kateqoriyaya daha sərfəli kredit şərtləri və ya əksinə, daha riskli qruplar üçün daha sərt şərtlər təklif edir".

A.Yeryomin deyib ki, hazırda bankların demək olar ki, belə statistikası yoxdur: "Belə tam və uzunmüddətli statistikaya malik ola biləcək banklar arasında pərakəndə kreditləşmə sahəsində çox fəal və uzun müddət işləmiş bankları qeyd etmək olar. Qalan bankların bu portfeli çox təzədir, qısamüddətli statistika isə vəziyyəti düzgün qiymətləndirə bilməz".

Onun sözlərinə görə, AMB pərakəndə kreditləşmənin artım templəri üzrə bazarı xeyli qabaqladığını vurğulayır: "2012-ci ildə kredit portfeli 22-24 faiz artıb, ötən il isə artımın 30 faizə yaxın olacağı gözlənilir, ancaq 30 faizin yarısı korporativ seqment tərəfindən təmin edilir. Şübhəsiz ki, kreditləşmənin inkişaf templəri haqqında təsəvvürü olan Mərkəzi Bank pərakəndə seqmenti məhdudlaşdırmağa çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti