Azərbaycan, Bakı, 11 mart /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Yasamal, Suraxanı rayonlarında, Sumqayıt, Şəmkir, Zərdab, Mingəçevir, Qobustan şəhərlərində, Bərdə, Quba, Xaçmaz rayonlarında aparılan növbəti yoxlamalar zamanı ümumilikdə 680 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.