Azərbaycan, Bakı, 30 iyul /Trend/
Bu günlərdə "Cənub Qaz Dəhlizi" QSC-nin istiqrazlarının emissiyası prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb. İstiqrazlar kütləvi satış üsulu ilə Bakı Fond Birjasında satışa çıxarılıv, alıcı tərəfi təmsil edən broker şirkəti olaraq "InvestAZ" investisiya şirkəti seçilib.
Emissiyanın ilkin buraxılışının tam həcmini Azərbaycan Respublikasının Dövlət Neft Fondu əldə edib.
Şirkətdən Trend-ə verilən məlumata görə, istiqrazların emissiya həcmi 1 246 355 000 ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 12 463 550 ədəd, bir istiqrazın nominal dəyəri isə 100 ABŞ dolları təşkil edir. Bu, Bakı Fond Birjasında həcminə görə keçirilmiş ən böyük əqddir.
İstiqrazların tədavül müddəti 720 gün, 6 ayda istiqraz üzrə gəlirlilik Libor +1% və faiz ödəniş dövrünün müddəti hər 6 aydan bir müəyyən olunub.
Qeyd edək ki, "InvestAZ" şirkəti Qiymətli Kağızlar üzrə Dövlət Kömitəsi tərəfindən broker və diler fəaliyyəti üzrə lisenziya almış investisiya şirkətidir. Şirkət, eyni zamanda, Türkiyədə tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyniadlı qurumla təmsil olunur. Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.