...

Azərbaycanda əsas kapitala yatırılan investisiyalar 3 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2014 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

2014-cü ilin yanvar-iyul aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9075,5 milyon manat yatırılıb ki, bu da ötən ilin analoji dövrünün göstərcisini 3 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

İnvestisiyaların ümumi həcminin 72,7 faizi tikinti-montaj işlərinə qoyulmuş investisiyaların payına düşüb. Bu göstəricinin artımı 13 faiz olub.

Göstərilən dövrdə istehsal yönümlü obyektlərin tikintisinə 6149,7 milyon manat, xidmət sahəsindəki obyektlərə 2934,8 milyon manat investisiya yatırılıb. İnvestisiyaların 48,5 faizi dövlət, 51,5 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşür.

İnvestisiyaların ümumi həcminin 70,8 faizi daxili investisiyaların payına düşüb. Daxili investisiyaların 65 faizi dövlət müəssisə və təşkilatlarının, 35 faizi isə özəl müəssisələrin payına düşüb.

Müəssisə və təşkilatların vəsaitləri hesabına əsas kapitala 5 103,6 milyon manat (investisiyaların ümumi həcminin 56,2 faizi), büdcə vəsaitlərindən 3 166,2 milyon manat (34,9 faiz), bank kreditlərindən 332,7 milyon manat (3,7 faiz), büdcədənkənar fondların vəsaitlərindən 161,2 milyon manat (1,8 faiz), əhalinin şəxsi vəsaitlərindən 253milyon manat (2,8 faiz) və digər vəsaitlərdən 58,8 milyon manat (0,6 faiz) investisiya yatırılıb.

Əsas kapitala yatırılmış vəsaitlərin 61,9 faizi (5 662,2 milyon manat) qeyri-neft sektorunun inkişafına qoyulub, o cümlədən 3453,3 milyon manat neft sənayesi sektoruna yatırılıb.

Dövlət Statistika Komitəsindən qeyd ediblər ki, investisiyaların 46 faizi sənaye sahəsinin, 19,6 faizi tikintinin, 7,2 faizi dövlət idarəçiliyinin, 7,1 faizi istirahət, əyləncə və incəsənətin, 3,9 faizi ticarətin, 2,9 faizi təhsilin, 2,1 faizi kənd təsərrüfatının, 1,7 faizi səhiyyənin, 0,2 faizi daşınmaz əmlakla bağlı əməliyyatların, 0,8 faizi rabitə və informasiya, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinin, 0,1 faizi maliyyə və sığorta fəaliyyətinin, 1,5 faizi isə turistlərin yerləşdirilməsi və iaşə sahəsinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti