Azərbaycan, Bakı, 19 avqust /Trend/
"Bakı Metropoliteni" QSC ilə "THALES SA" arasında müqavilə imzalanıb.
QSC-dən Trend-ə verilən məlumata görə, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı "Bakı Metropoliteni" QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanmışdı. "Alstom Transport SA", "BOUYGUES TRAVAUX PUBLİCS, LLS", "THALES S.A" şirkətləri ilə imzalanan Anlaşma memorandumlarında nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və müvafiq müqavilələrin imzalanması nəzərdə tutulmuşdu. Artıq belə bir müqavilə "THALES SA" şirkəti ilə imzalanıb.
İmzalanan ilk müqaviləyə əsasən Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqlarının alınması nəzərdə tutulub. İlkin mərhələdə alınacaq avadanlıqlar Bakı Metropoliteninin tikilməkdə olan "Avtovağzal" və "Memar Əcəmi-2" (Bənövşəyi xətt) stansiyalarında istifadə ediləcək. Müqavilədə müasir tələblərə cavab verən, dünya miqyaslı qabaqcıl texnologiyalardan olan idarəetmə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatı və sair məsələlər ös əksini tapıb.
Yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması, həmçinin bu sahədə insan faktorunun minimuma endirilməsi nəzərdə tutulub.