Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Fərid Rzayev/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün "DəmirBank" ASC-yə 5 milyon ABŞ dolları həcmində vəsait ayırıb. Bu barədə Trend "DəmirBank"ın saytına istinadən məlumat verir.
"Qafqaz Enerji Effektivliyi" proqramı çərçivəsində ayrılan bu vəsaitlər əsasən daha səmərəli texniki avadanlıq, materiallar və məişət avadanlıqları almaqlar yerli sahibkarlara və fiziki şəxslərə enerjiyə ödədikləri vəsaitə qənaət etmək, biznes və evlərini xərclər baxımından daha qənaətcil məkana çevirməyə imkan verəcək.
Bununla bağlı açıqlama verən AYİB-in Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Nil MakKeyn qeyd edib ki, böyük neft və təbii qaz ehtiyatlar və subsidiyalaşdırılan enerji tarifləri səbəbindən Azərbaycanın istehsalat müəssisələri və yaşayış sektorunda səmərəli enerji texnologiyalarının yayılmasının məhdud olması bu sahədə geniş imkanların olmasını göstərir. Belə ki, burada da yerli maliyyə sektoru və AYİB həlledici rol oynaya bilərlər. Həmçinin Nil MakKeyn Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində investisiyaları artırmaq üçün "DəmirBank"a dəstək olmaqdan məmnunluğunu bildirdi.
Eyni zamanda, AYİB enerjiyə qənaət istiqamətində həyata keçirilən investisiyalarla bağlı məsləhət xidmətlərinin göstərilməsi üçün layihəyə konsultantlar da cəlb edib. Bu dəstək sahibkarlar və ev təsərüfatı sahiblərinə yüksək enerji sərfiyyatı olan avadanlıq və materiallardan daha aşağı enerji sərfiyyatlı avadanlıqlara səmərəli formada keçid edərək, uzunmüddətli perspektivdə qazanc əldə etmə imkanı yaradacaq.
AYİB-in məlumatında deyilir ki, bu proqram 9,2 milyon avro məbləğində qrant dəstəyi ilə reallaşdırılır. Bununla belə, 4,8 milyon avro Avropa İttifaqı, xüsusilə Tərəfdaşlıq İnvestisiya Fondu (EC NIF), 4,6 milyon avor isə Avstriyanın Federal Maliyyə Nazirliyi tərəfindən təqdim edilib. Bu vəsaitlər ev təsərrüfatlarına texniki yardım və investisiya güzəştləri təqdim etmək üçün istifadə ediləcək.
Ölkənin ilk kommersiya banklarından olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. "DəmirBank" "Fitch Ratings" agentliyinin "stabil" proqnozlu "B" və Planet Rating agentliyinin "pozitiv" proqnozlu "B" reytinqlərinə malikdir.