...

Azərbaycan pensiya xərclərini artırıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2014 16:13 (UTC +04:00)
Son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1,78 milyard manata çatıb.
Azərbaycan pensiya xərclərini artırıb (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Azad Həsənli/

Son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1,78 milyard manata çatıb. Trend-in məlumatına görə, bunu cümə günü DSMF sədri Elman Mehdiyev "Azərbaycanda pensiya islahatları: yeni inkişaf mərhələsinin əsas hədəfləri" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2014-cü ildə 5 faiz nəzərdə tutulub: "Bütün bunların nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapıb".

E.Mehdiyev qeyd edib ki, ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.

DSMF sədrinin sözlərinə əsasən, 2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı isə 29,3 faizdən 43,4 faizə çatdırılıb: "Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə çoxdur. Eləcə də MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti (Belarus 165,8 ABŞ dolları, Rusiya 141 ABŞ dolları, Azərbaycan 133,8 ABŞ dolları) arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşıb. Həmin nisbət Azərbaycanda 95,2 faiz, Belarusda 79,8 faiz, Rusiyada 70,4 faiz təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti