...

Şahin Mustafayev fransızlarla görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2015 18:42 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Elzas regionunun nümayəndə heyəti ilə görüşüb.
Şahin Mustafayev fransızlarla görüşüb

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Elzas regionunun nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Fransa arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etdiyini, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində yüksəksəviyyəli görüşlərin və qarşılıqlı səfərlərin önəmini qeyd edib. Bildirilib ki, iki ölkə arasında ticarət əlaqələri genişlənir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, Fransa şirkətləri ölkəmizdə neft-kimya, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, turizm və s. sahələrdə uğurla fəaliyyət göstərirlər. Azərbaycan Fransanın bir sıra regionları ilə fəal əməkdaşlıq edir. Elzas regionundan olan nümayəndə heyətinin ölkəmizə səfəri Fransa regionları ilə əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.

Azərbaycan ilə Elzas regionu arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışan Ş.Mustafayev sənaye sahəsində, eləcə də sənaye parklarında Fransa şirkətlərinin iştirakı, kənd təsərrüfatı, şərabçılıq və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial olduğunu qeyd etmişdir. Nazir Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Ş.Mustafayev Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu və münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb.

Fransanın Elzas regionunun nümayəndə heyətinin başçısı Jan-Mari Bokel ölkələrimiz arasında əlaqələrin inkişafını qeyd edib, iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə iştirak edən digər fransalı qonaqlar əlaqələrin inkişafı perspektivləri barədə fikirlərini bölüşüblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti