Azərbaycan, Bakı, 16 mart /Trend/
Azərbaycanın Mərkəzi Bankı və Maliyyə Nazirliyi qiymətli metallarla əməliyyat aparılması üçün Bank VTB-yə (Azərbaycan) lisenziya verib.
Bankdan Trend-ə verilən məlumata əsasən, verilən lisenziya əsasında bank qiymətli metalların cəlb edilməsi və yerləşdirilməsi, eləcə də alqı-satqısı üzrə əməliyyatları həyata keçirə biləcək. Belə ki, Bank VTB-nin (Azərbaycan) müştəriləri metal hesabların, qiymətli metallarda əmanətlərin açılması xidmətindən istifadə etmək imkanı əldə edəcək. Bank qiymətli kağızlarla girovlu kredit məhsulu təqdim etmək, eləcə də külçə, xatirə və investisiya sikkələrinin alqı-satqısını reallaşdırmaq niyyətindədir.
Bank VTB-nin (Azərbaycan) İdarə heyətinin sədri Yuri Yakovlev bildirib ki, Bank VTB (Azərbaycan) hər zaman müştərilərinə keyfiyyətli bank xidmətləri göstərməyə çalışır: "Yaxın aylarda bank qiymətli metallarla bir sıra yeni məhsullar təklif etməyi planlaşdırır. Məlumdur ki, qiymətli metallar çox sərfəli sərmayə hesab olunur. Bu, əmanətlərin qorunması və artırılmasının ən etibarlı üsuludur. Qiymətli metallarla əməliyyatlar müştərilərə vəsaitlərini mümkün risklərdən qorumağa imkan verir".
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.