Azərbaycan, Bakı, 9 aprel /Trend/
TuranBank və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndimək məqsədilə 2 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb. Cəlb olunan vəsaitlər TuranBank-a istər üzv, istərsə də digər ölkələrarası idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.
TuranBank-dan Trend-ə verilən məlumata görə, bu, bankın ECO Ticarət və İnkişaf Bankı ilə imzaladığı sayca ikinci kredit sazişidir. Bank ötən il bu maliyyə qurumundan kiçik və orta sahibkarlığın (KOS) maliyyələşdirilməsini genişləndimək məqsədilə 4 il müddətinə 3 milyon ABŞ dolları həcmində vəsait cəlb etmişdi.
ECO Ticarət və İnkişaf Bankının üzv dövlətləri Azərbaycan, İran, Pakistan, Əfqanıstan və Türkiyədir. Bank region ölkələrində ictimai və özəl sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.
Bank yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə yanaşı, beynəlxalq maliyyə qurumlarından ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Dünya Bankı Qrupu (World Bank Group), o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), eyni zamanda, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı Qrupu, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası (ITFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), WorldBusinessCapital/OPIC, Bank im Bistum Essen, Societte Generale, Mikrofinanzfonds, Cyrano Management, Sus Bee Microfinance, BCP, CommerzBank, ZiraatBank, Bank Asiya və KüveytTürk Bankından cəlb etdiyi vəsaitlər hesabına ölkənin müxtəlif regionlarında iqtisadiyyatın real sektorunun kreditləşdirilməsini nəzərə çarpacaq dərəcədə artırmış, kiçik və orta sahibkarlıq subyektlərinin mövcud bizneslərini inkişaf etdirmək və yeni biznes sahələrinə investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə maliyyə dəstəyini gücləndirib.
TuranBank-ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı onun saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.