...

Azərbaycan "Stadler Rail Group" şirkəti ilə 30 sərnişin vaqonunun alınmasının maliyyə məsələlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2015 16:46 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrənin “Stadler Rail Group” şirkətinin baş direktoru Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə növbəti ikitərəfli görüş keçirilib.
Azərbaycan "Stadler Rail Group" şirkəti ilə 30 sərnişin vaqonunun alınmasının maliyyə məsələlərini müzakirə edib

Azərbaycan, Bakı, 14 iyul /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC-də İsveçrənin "Stadler Rail Group" şirkətinin baş direktoru Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə növbəti ikitərəfli görüş keçirilib.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən alınmış KİSS markalı ikimərtəbəli elektrik qatarlarına texniki xidmətin təşkili üçün "Stadler Rail Group" şirkəti ilə birgə müəssisənin yaradılması, 30 ədəd yataq tipli sərnişin vaqonunun alınmasının maliyyə məsələləri müzakirə olunub.

"Stadler Rail Group" şirkətinin baş direktoru P.Şpuler çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları may ayında Azərbaycana gətirilib. İyunun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

İkimərtəbəli elektrik qatarları 15 sentyabr tarixində Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti