Azərbaycan, Bakı, 1 avqust /Trend/
"Parabank" ASC bəyanat yayıb.
Trend-in bankın saytına istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunur ki, bankda guya yoxlamaların aparıldığı və yoxlamalar nəticəsində milyonlarla vəsaitin vergidən yayındırılması, daxilolmalarla bağlı sənədlərin saxtalaşdırılması, digər cinayət əməllərinin aşkarlanması və bankın fəaliyyətinin hər an dayandırıla biləcəyi ilə bağlı əsassız məlumatlar yayılıb.
Bəyanatda bildirilir ki, "Parabank" ASC ilə bağlı əsassız məlumatlar və iddialar həqiqətə uyğun deyil və heç bir fakta əsaslanmır.
Bəyanatda deyilir ki, "Parabank" ASC-də yüzlərlə hüquqi şəxslərə bank xidməti göstərir və müvafiq hesabatlıq müxtəlif dövlət orqanlarına, o cümlədən vergi orqanlarına müştərilərin özləri tərəfindən təqdim olunur. Bank bu hesablarda aparılan əməliyyatlara müdaxilə etməyə səlahiyyətli deyil və qanunla onları məxfi saxlamağa borcludur.