Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Azad Həsənli/
Dünya Bankı Mersi Tembonu Cənubi Qafqaz üzrə yeni regional direktor təyin edib. Trend-in Gürcüstanın "Financial" nəşrinə istinadən verdiyi məlumata görə, o, 2015-ci il oktyabrın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq.
M.Tembon bu vəzifədə Henri Keralini əvəz edəcək. H.Kerali isə bankın Qana, Liberiya və Syerra-Leone üzrə direktoru vəzifəsini tutacaq.
Məlumatda deyilir: "Tembon Dünya Bankının Azərbaycan, Ermənistan və Gürcüstandakı proqramlarını kurasiya edəcək, eləcə də bankın bu ölkələrdə tərəfdaşlıq proqramlarının reallaşdırılması və inkişafına rəhbərlik edəcək, ölkə üzrə vətəndaş cəmiyyəti və tərəfdaşlarla dialoqu davam etdirəcək".
Qeyd edək ki, M.Tembon 2000-ci ildən Afrika regionunda təhsil üzrə mütəxəssis qismində Dünya Bankı Qrupunda işə başlayıb. H.Kerali 2012-ci il iyulun 1-dən bankın Cənubi Qafqaz üzrə regional direktoru olub.