Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AMB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı DB və Azərbaycan Hökuməti arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri, DB-nin Azərbaycanda həyata keçirdiyi proqram və layihələr müzakirə edilib.
Görüşdə Azərbaycanla DB arasında uzunmüddətli əməkdaşlıq ənənəsini vurğulayan E.Rüstəmov ölkədə iqtisadi islahatların, institusional quruculuq işlərinin dəstəklənməsində DB-nin rolunu xüsusilə qeyd edib. O, keçmiş regional direktor Henri Keralinin işini yüksək qiymətləndirərək, Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) sənədinin hazırlanmasında gostərdiyi səylərə görə cənab Keraliyə minnətdarlığını bildirdi. Daha sonra E.Rüstəmov qlobal makroiqtisadi volatillik və regional çağırışlar fonunda DB ilə əməkdaşlığın Azərbaycan hökuməti ilə birlikdə hazırlanmış ÖTÇ sənədinin prioritet sahələri üzrə fokuslaşdırılmasının əhəmiyyətindən danışdı. O, xanım M.Tembonun Azərbaycanla DB-nin uğurlu əməkdaşlıq ənənəsini davam etdirəcəyini və birgə fəaliyyətin səmərəliliyinin və faydalılığının gələcəkdə daha da artıracağına əmin olduğunu bildirdi.
DB-nin Cənubi Qafqaz üzrə regional direktoru M.Tembo Azərbaycanda son 20 ildə həyata keçirilən quruculuq və inkişaf proqramlarını, sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirdi. O, DB ilə Azərbaycan arasında keçmiş əməkdaşlıq səviyyəsini, eləcə də mövcud qlobal çağırışları nəzərə alaraq, Azərbaycanla əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.
Xanım M.Tembo, DB-nin Azərbaycana dəstəyinin bundan sonra da davamlı olaraq genişləndirilməsi istiqamətində çalışacağını qeyd etdi.
Görüşün sonunda E.Rüstəmov Cənubi Qafqaz ölkələri üzrə regional direktoru vəzifəsinə yeni təyin olunmasına görə M.Tembonu təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.