Azərbaycan, Bakı, 5 noyabr /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Bakı şəhərində və regionlarda yerli və xarici mütəxəssislərin iştirakı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün mütəmadi olaraq treninqlər təşkil edilir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti treninq Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Masallı rayon İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 5-də Masallıda keçirilib.
Sənaye və istehsal sahələrinin idarə edilməsi, menecment mövzularını əhatə edən treninqdə brend məhsullar, brendin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, insan resurslarının idarə edilməsi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Bundan başqa, tədbirdə iştirakçılara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.