Bakı. Trend:
İqtisadiyyat Nazirliyində quşçuluq sahəsində fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüş keçirilərək bu sahənin inkişafı ilə bağlı perspektivlər müzakirə edilib.
Bu barədə Trend-ə Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verilən tapşırıqlara uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi üçün təkliflərin hazırlanmasında biznes ictimaiyyətinin fikirlərinin nəzərə alınması məqsədilə görüşlər təşkil edilir.
Quşçuluq sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahənin sürətli inkişafı üçün tədbirlər barədə təkliflər hazırlamaq məqsədilə İqtisadiyyat Nazirliyində quşçuluq sahəsində fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüş keçirilib, bu sahənin inkişafı perspektivləri müzakirə edilib.
Azərbaycan Quşçular Cəmiyyətinin və 10-dan artıq quşçuluq təsərrüfatının nümayəndələrinin iştirak etdiyi görüşdə dövlət başçısı tərəfindən aqrar sahəyə, eləcə də quşçuluğun inkişafına xüsusi diqqət göstərildiyi vurğulanıb, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi qeyd edilib.
Görüşdə quşçuluğun inkişafı, quş ətinə olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi və bu sahədə ixrac potensialının artırılması, sənaye üsulu ilə quş əti istehsalının daha da artırılması imkanları barədə müzakirələr aparılıb.
Quşçuluq müəssisələrinin nümayəndələri toyuq əti və yumurtanın maya dəyərinə təsir edən əsas amillər - yem əlavələri, baytarlıq preparatları və vaksinləri, məhsulların satış şərtləri, yem bazasının artırılması üçün əlavə torpaq sahələrinin ayrılması barədə təkliflərini bildiriblər.
Tədbirdə səsləndirilən təkliflər diqqətlə öyrəniləcək, həyata keçirilməsi imkanları araşdırılacaq.