...

Şahin Mustafayev: Göyçayın böyük iqtisadi potensialı var (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2016 16:30 (UTC +04:00)
İqtisadiyyat naziri Şahin Mustafayevin ictimaiyyət nümayəndələri ilə növbəti görüşü fevralın 5-də Göyçay rayonunda keçirilib.
Şahin Mustafayev: Göyçayın böyük iqtisadi potensialı var (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayevin ictimaiyyət nümayəndələri ilə növbəti görüşü fevralın 5-də Göyçay rayonunda keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, açıq dialoq şəraitində keçən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri və sahibkarlar iştirak edib.

Ş.Mustafayev dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin neytrallaşdırılması üçün sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, dövlət başçısının neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələr, vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünyadakı qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsirlərini minimuma endirib. 2015-ci ildə sənaye 2,4%, qeyri-neft sənayesi 8,4%, kənd təsərrüfatı 6,6% artmış, ölkə iqtisadiyyatına 20 mlrd. dollar investisiya qoyulub. Son on ildə 3 minə yaxın məktəb, 600-ə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsasında Azərbaycan vətəndaşı, onun rifahının yaxşılaşdırılması dayanır. Gəlirlərin azalmasına baxmayaraq, dövlət başçısının əsasını insan amili təşkil edən siyasətinə uyğun olaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Təkcə son bir ay ərzində dövlət başçısı tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə aztəminatlı vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalanıb. Ölkədə dərman vasitələri satışının tənzimlənməsi, istehlak bazarına nəzarətin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması, pensiya və müavinətlərin, əmək haqlarının artırılması məhz əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdir.

Sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qəbul edilmiş qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən bölgələrin inkişafı istiqamətində mühüm tapşırıqlar verilib. Bu tapşırıqların icrası istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verən Ş.Mustafayev qeyd edib ki, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacaq və bölgələrdə istehsal, emal və digər müəssisələr yaradılacaq. Heç şübhəsiz ki, Göyçay da bu layihələrin reallaşdırılacağı rayonlardandır. Belə ki, rayonda heyvandarlıq kompleksinin, intensiv bağçılıq təsərrüfatının, "yaşıl market"in və s. yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev tərəfindən Göyçay rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə imzalanmış 4 sərəncamla 10,1 mln. manat vəsait ayrılıb. Eyni zamanda əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçayın 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 5 mln. manat vəsait ayrılıb. Dövlət başçısı Göyçay rayonuna 2015-ci ildəki sonuncu səfəri zamanı şəhərə içməli suyun verilməsi mərasimində, Göyçay kiçik SES-in, Göyçay-Ucar avtomobil yolunun və xəstəxananın açılışında iştirak edib.

Ümumiyyətlə, dövlət proqramları çərçivəsində rayonun su təchizatının yaxşılaşdırılması məqsədilə 160,5 km su, 131,2 kanalizasiya xətti çəkilib, 5 su anbarı tikilib, 5 subartezian quyusu qazılıb, avtomobil yolları tikilmiş və ya yenidən qurulub. Göyçayın 30 yaşayış məntəqəsi qazla təchiz olunub, 11 yaşayış məntəqəsinin qazlaşdırılması isə davam etdirilir. Rayonda 22 məktəb, 3 bağçası, 6 səhiyyə, 4 mədəniyyət, 3 gənclər və idman müəssisəsi tikilib və ya əsaslı təmir olunub, şəhid ailələri və əlillər üçün 45 mənzilli yaşayış binası istifadəyə verilib. İndiyədək Göyçay rayonu üzrə 270 sahibkara 11,6 mln. manat güzəştli kredit verilib. Rayonda 9,3 mini daimi olmaqla, 11,3 min yeni iş yeri açılıb, 370-dən artıq yeni müəssisə fəaliyyətə başlayıb. Bununla belə, Göyçayın böyük iqtisadi potensialı var.

Görüşdə taxılçılıq, iri heyvandarlıq təsərrüfatının yaradılması, güzəştli kreditlərin verilməsi, soyuducu anbar kompleksinin yaradılması, istixana təsərrüfatının qazlaşdırılması, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması, şərabçılıq məhsullarının ixracına dəstək göstərilməsi, sahibkarlara hüquqi yardım və s. məsələlər barədə müraciətlər və təkliflər səsləndirilib. Nazir Ş.Mustafayev bir sıra məsələlərin yerindəcə həlli barədə müvafiq tapşırıqlar verib, qaldırılan digər məsələlərin araşdırılacağını və həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.

Görüş iştirakçıları qeyri-neft sektorunun inkişafı üçün atılan addımları yüksək qiymətləndirib, regionlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti