...

Azərbaycanda pambıq və tütün əkininə görə yardımların edilməsi təklif olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2016 17:16 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabinetinə buğda və çəltik əkininə görə verilən yardımların pambıq və tütün əkininə şamil olunması təklif edilib.
Azərbaycanda pambıq və tütün əkininə görə yardımların edilməsi təklif olunur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Nazirlər Kabinetinə buğda və çəltik əkininə görə verilən yardımların pambıq və tütün əkininə şamil olunması təklif edilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin və herbisidlərin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar layihəsi hazırlanıb. Sənəd layihəsi müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.

Qərar layihəsində buğda və çəltik əkininə görə verilən yardımların pambıq və tütün əkininə şamil olunması, həmçinin biohumusun və pestisidlərin də mineral gübrə kimi güzəştli satışı nəzərdə tutulur.

Eyni zamanda qərar layihəsində "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmış biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 100 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 10 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti