Bakı. Trend:
Mayın 17-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Cəlilabadda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Üzümçülüyün inkişaf perspektivləri", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" mövzularını əhatə edən treninqdə "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", kənd təsərrüfatında ixtisaslaşmanın əhəmiyyəti, ekoloji təmiz üzüm istehsalının təşkili, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq təcrübə və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.