...

Azərbaycan və Qazaxıstan energetika sahəsində əməkdaşlığı müzakirə ediblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2017 17:08 (UTC +04:00)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev arasında görüş keçirilib.
Azərbaycan və Qazaxıstan energetika sahəsində əməkdaşlığı müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev arasında görüş keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, səfir Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə P.Şahbazova təbriklərini çatdıraraq bildirib ki, qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da iki ölkə arasında energetika sektorunda əlaqələrə yeni töhfələr verəcək.

Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərin müttəfiqlik və strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini vurğulayan nazir iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini və bunun üçün böyük imkanların olduğunu deyib. Qarşılıqlı rəsmi səfərlər və keçirilən görüşlərin, ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın əməkdaşlığın möhkəmləndirilməsində böyük rolunu qeyd edən P.Şahbazov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin də mühüm əhəmiyyət daşıdığını deyib. Bildirilib ki, səfər zamanı hər iki ölkənin dövlət rəhbərləri tərəfindən Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaya bir sıra vacib tapşırıqlar verilib. Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının ilin sonuna qədər keçirilməsi məqsədəuyğun sayılıb.

Görüşdə ötən müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması və iqtisadi-ticari əməkdaşlığın genişləndirməsi məqsədilə konkret sahələr və istiqamətlər üzrə hazırlanan “yol xəritəsi” ilə bağlı müzakirələr aparılıb. Yeni təkliflər əsasında sənədin bir daha nəzərdən keçirilməsi və ilin sonuna kimi Hökumətlərarası Komissiyanın iclasının təşkilinin vacibliyi qeyd olunub.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında enerji əməkdaşlığına dair məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti