Tehran. Azad Həsənli, Kamyar İqbalnejad - Trend:
Azərbaycan və İran preferensial ticarət haqqında sazişin imzalanması məsələlərini müzakirə edirlər.
Trend-in məlumatına görə, bunu Tehranda Azərbaycan-İran hökumətlərarası komissiyanın 12-ci iclası zamanı İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian deyib.
Tərəflər müxtəlif sahələrdə, o cümlədən bank, nəqliyyat, energetika, ətraf mühit və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparır.
Kənd təsərrüfatı sahələrində əməkdaşlıq haqqında danışan nazir vurğulayıb ki, tərəflər arasında imzalanan sazişə əsasən İran Azərbaycanda dörd min hektar əkin sahəsi əldə edəcək.
Qeyd edək ki, bir müddət əvvəl M.Kərbasian hökumətlərarası komissiyanın iclası çərçivəsində iki ölkə arasında 12 sənədin imzalanmasının planlaşdırıldığını demişdi.
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir. Nümayəndə heyətinə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və digərləri daxildir.