...

Nazir müavini: Azərbaycan və Dünya Bankı 4 milyard dollarlıq 50 layihə həyata keçiriblər (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2019 11:09 (UTC +04:00)
Azərbaycan və Dünya Bankı ötən əsrin 90-cı illərinin əvvəllərindən dəyəri 4 milyard dollardan çox olan təqribən 50 layihə həyata keçiriblər.
Nazir müavini: Azərbaycan və Dünya Bankı 4 milyard dollarlıq 50 layihə həyata keçiriblər (YENİLƏNİB)

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycan və Dünya Bankı ötən əsrin 90-cı illərinin əvvəllərindən dəyəri 4 milyard dollardan çox olan təqribən 50 layihə həyata keçiriblər. Bu, ikitərəfli əməkdaşlığın uğurlu göstəricisidir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib.

Nazir müavini bildirib ki, müstəqil Azərbaycan iqtisadiyyatının bütün inkişaf mərhələlərində, ölkənin bir sıra iqtisadi-sosial əhəmiyyətli məsələlərində DB ilə birgə addımlamışıq:

"Bu beynəlxalq təşkilat 90-cı illərin dərin böhran illərindəki struktur dəyişiklikləri, Bakının su təchizatı, ölkənin irriqasiya sisteminin bərpası, regionların su təchizatı, insan kapitalı ilə bağlı təhsil və səhiyyə, pensiya və sosial təminat islahatları layihələri, yoxsulluğun azaldılması, institusional quruculuq, maliyyə xidmətlərinin inkişafı, dövlət maliyyəsi sahəsində islahatların dəstəklənməsi, ədliyyə sisteminin müasirləşdirilməsi, dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsində iştirak edib. Dünya Bankının dəstəyi ilə 2006-2014-cü sürətli inkişaf dövründə infrasturktur quruculuğuna dəstək, o cümlədən, enerji, nəqliyyat infrastrukturu, kənd yerlərinin inkişafı, ekoloji, bərk məişət tullantılarının vahid idarəçiliyi layihələri həyata keçirilib".

S.Həsənova vurğulayıb ki, Dünya Bankı cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan regional əhəmiyyətli Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsinə ilk dəstək verən beynəlxalq maliyyə təşkilatı olub.

Onun sözlərinə görə, 2010-cu illərin əvvəllərində DB ilə keçirilən Yüksək səviyyəli forumlarda qarşıda duran strateji məsələlər üzrə müzakirələr "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasının qəbul edilməsinə öz töhfəsini verib.

S.Həsənova qeyd edib ki, qarşımızda bir sıra çağırışlar qalmaqdadır: "Rəqabətqabiliyyətli özəl sektorun inkişafının dəstəklənməsi, insan kapitalının daha sürətlə inkişaf etdirilməsi, əmək məhsuldarlığının artırılmasının dəstəklənməsi, biznes mühitinin daha da təkmilləşdirilməsi, kos-lara dəstəyin sistemləşdirilməsi, innovasiya ekosisteminin qurulması və inkişafının dəstəklənməsi kimi çağırışlar qarşımızda qalmaqdadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti