...

Azərbaycan mikromaliyyələşdirmə bankı üçün 5,5 mln. ABŞ dolları məbləğində iki kredit xətti açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2006 17:41 (UTC +04:00)

Noyabr ayı ərzində Azərbaycan mikromaliyyələşdirmə bankı beynəlxalq təşkilatlardan ümumi məbləği 5,5 mln. ABŞ dolları olan iki kredit xətti alıb. Trend bankın məlumatına istinadən xəbər verir ki, kredit vəsaitləri Azərbaycanın mikro-, kiçik və orta biznesinin inkişafının dəstəklənməsi üçün nəzərdə tutulub. AMMB 2,5 mln. ABŞ dolları məbləğində krediti 3,5 il müddətinə Oikocredit beynəlxalq inkişaf təşkilatından, 3 mln. ABŞ dolları məbləğində krediti 3 il müddətinə Global Microfinance Facility (GMF) təşkilatından alıb.

Oikocredit təşkilatı əhaliyə kredit vermə imkanı ilə qlobal ədalətliliyi təbliğ edən ümumdünya korporativ cəmiyyət kimi 1975-ci ildə Niderlandda yaradılıb.

GMF təşkilatı mikromaliyyələşdirmə müəssisələrini yerli və xarici təşkilatlar tərəfindən orta müddətli maliyyələşdirmə ilə təmin edir.

4 illik fəaliyyəti dövründə AMMB Azərbaycanın mikro, kiçik və orta təşkilatlarının inkişafı üçün 41,5 mln. ABŞ dolları həcmində məbləğ cəlb edib.

"Sonuncu iki kredit beynəlxalq kreditorların AMMB-yə və Azərbaycanda mikro və kiçik biznesin inkişafına inamını bir daha sübut edir. Biz Oikocredit və GMF təşkilatlarını AMMB-nin daim böyüməkdə olan maliyyə ortaqları sırasında görməyə çox şadıq",- deyə AMMB-nin baş meneceri Andryu Pospilovski bildirib.

13 mindən artıq müştəri ilə işləyən AMMB-nin cari portfeli indi 40 mln. ABŞ dollarına çatıb. Kreditin orta məbləği 3 min ABŞ dollarıdır. 4 il bundan əvvəl açılandan bəri bank ümumi məbləği 100 mln. ABŞ dolları olan 35000-dən artıq kredit verib. AMMB həmçinin fiziki və hüquqi şəxslərə depozitlər, "Western Union", "Travelex" və "Private Money" də daxil olmaqla, pul köçürmələri və başqa bank xidmətlərinini təqdim edir.

Azərbaycan Mikromaliyyələşdirmə Bankının 5 səhmdarı var: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Almaniya Dövlətinin İnkişaf Agentliyi KfW və LFS Financial Systems GmbH alman məsləhət şirkəti.

Xəbər lenti

Xəbər lenti