Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı Avropa Birliyindən şərqdə yerləşən ölkələrdə layihələri maliyyələşdirmək məqsədilə öz qüvvələrini birləşdirmək üzrə planlarını açıqlayıblar. Trend AYİB-in məlumatına istinadən xəbər verir ki, AB AYİB-in bu bölgədə maliyyələşdirmə təcrübəsinə əsaslanaraq, öz vəsaitlərini "şərq qonşuları"nın və potensial olaraq Mərkəzi Asiya dövlətlərinin kreditləşdirilməsinə yönəldir.
AYİB və AİB Rusiya, Ukrayna, Moldova və Cənubi Qafqazdakı, habelə Şuranın yeni qərarından asılı olaraq Mərkəzi Asiyadakı layihələrini birgə maliyyələşdirməyə hazırdırlar. AB Şurası 2013-cü ilədək birgə maliyyələşdirmə çərçivəsində 3,7 mlrd. avro və ya hər il 500 mln. avro ayırmağa hazırdır.
AYİB və AİB AB ilə əməkdaşlıq prioritetlərinə əsaslanaraq infrastrukturu maliyyələşdirəcək. Hər iki institut layihələri birgə razılaşdıracaqlar, bu zaman Avropa bankının bölgədə uzun müddətli təcrübəsindən istifadə olunacaq. AYİB risklərə şərik olaraq, layihənin maliyyələşdirilməsinin 50%-ni öz üzərinə götürmək niyyətindədir, eyni zamanda bütün əməliyyatlar hər iki bankın şərtlərinə cavab verməlidir.
AİB-in Prezidenti Filip Mayştad bildirib ki, bu saziş bölgənin hər iki ölkəsinin iqtisadi inkişafına təkan verəcək , həm ölkələrarası regional əlaqələri, həm də infrastrukturun müasirləşdirilməsi yolu ilə Avropa Birliyi ilə yeni qonşuluq siyasətinin reallaşdırılmasına yardım edəcək. Proqram böyük infrastruktur layihələrinin reallaşdırılmasına yönəlib.
AYİB-in Prezidenti Jan Lemyer bu tədbiri beynəlxalq maliyyə institutları arasındakı əməkdaşlığının müsbət nümunəsi kimi səciyyələndirərək, layihələrin yüksək standartlara uyğun və səmərəli şəkildə yerinə yetiriləcəyini qeyd edib.
Avropa Komissiyası nəqliyyat, enerji, telekomunikasiya və ətraf mühit infrastrukturlarını əhatə edən layihələri AİB üçün bu bölgədə əsas prioritet sahələr kimi müəyyənləşdirib. Trans-Avropa şəbəkələrini genişləndirən və regional inteqrasiyanı gücləndirən layihələrə xüsusi diqqət yetirilməlidir.
Müştərək maliyyələşdirmə mexanizmləri Avropa Komissiyası, AİB və AYİB arasında ilin sonuna qədər imzalanacaq Qarşılıqlı anlaşma haqqında Memorandumda öz əksini tapacaq.