...

2006-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsi 5326 qanun pozuntusu aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2007 18:40 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 5326 qanun pozuntusu faktı aşkar edib. Bu barədə Trend DGK-nın çərşənbə axşamı yaydığı məlumatına istinadən xəbər verir.

Ümumi 5326 faktdan 181-i cinayət xarakterli olub və nəticədə şübhəli şəxs qismində 185 nəfər saxlanılıb (onlardan 62-si əcnəbidir).

Aşkar edilmiş cinayətlərin çoxunu valyuta və valyuta ehtiyatlarının qaçaqmalçılığı təşkil edib, gömrük orqanları tərəfindən hüquq pozuntusu predmeti kimi 2 kq 485 qram qızıl, 10 kq 830 qram gümüş və 193485 ABŞ dolları saxlanılıb.

Bu dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 44 fakt aşkar olunub, 13 kq 322,56 qram narkotik, o cümlədən 3 kq 187,497 qram tiryək, 8 kq 717,57 qram marixuana, 854,893 qram heroin, 62 qram həşiş, 1364 ədəd psixotrop maddələr (ampula, kapsul və həblər) saxlanılıb.

Bundan başqa, 2006-cı ildə aşkar edilmiş 5145 inzibati xəta faktları üzrə 877 hüquqi şəxs (o cümlədən 234 xarici) və 4268 fiziki şəxs (o cümlədən 673 xarici) inzibati məsuliyyətə cəlb olunub.

Bu faktlar üzrə göstərilən şəxslərə qarşı 569747 manatdan çox cərimə tətbiq olunub, həmçinin 467711 manat dəyərində mal müsadirə edilib. İnzibati xətalardan 6 -sı malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar keçirilməsi, 87-si gizli keçirilməsi, 301-i müvəqqəti idxal müddətinin pozulması, 43-ü aksiz markasız idxalı ilə, qalanları isə digər pozuntularla əlaqədar olub.

Həmçinin DGK tərəfindən hüquq pozuntusu faktı kimi 169,6 kq qara kürü, 33,7 kq qırmızı kürü, 3427 litr neft məhsulu, 16,5 kq Ermənistan istehsalı olan və orqanizm üçün zərərli qəhvə, 13477 dini kitab, 314890 ədəd pirotexnika və böyük həcmdə digər əşyalar aşkar edilib.

Xəbər lenti

Xəbər lenti