...

Azərbaycan parlamenti "2006-cı il dövlət büdcəsinin icrası haqqında" qanun qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 19:21 (UTC +04:00)
Azərbaycan parlamenti "2006-cı il dövlət  büdcəsinin icrası haqqında" qanun qəbul edib

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova, İ.Əlizadə/ Azərbaycan parlamentinin cümə günü keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov tərəfindən təqdim olunan "2006-cı ilin dövlət büdcəsinin icrası haqqında" qanun qəbul olunub.

Onun sözlərinə görə, 2006-cı ildə Azərbaycan büdcəsinin mədaxil hissəsi 4867 mln. manat, məxaric hissəsi isə 4742 mln. manat səviyyəsində icra olunub. 2005-ci illə müqayisədə gəlir hissə 54 faiz, xərclər isə 68 faiz artıb. Büdcə profisiti 125 mln. manat təşkil edib.

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri hesablanmadan, büdcə 861 mln. manat defisitlə qeydə alınıb ki, 2005-ci illə müqayisədə ÜDM-in 2,1 faizi qədər azalıb.

Nazirin sözlərinə görə, 2006-cı ildə büdcə daxilolmaları 3 837 mln. manat proqnoza qarşı 3 869 mln. manat təşkil edib. Büdcə 2005-ci illə müqayisədə 1,8 mlrd. manat artımla 100,8 faiz yerinə yetirilib. ÜDM-də isə 4,5 dəfə artmaqla 21,8 faiz təşkil edib.

Vergilər Nazirliyi büdcə proqnozunu 2005-ci illə müqayisədə 87,1 faiz çox olmaqla 101,7 faiz yerinə yetirib. Toplanmış vəsaitlərin 30,5 faizi (812 mln. manat) on iri vergi ödəyicisinin payına düşür.Bu 2005-ci illə müqayisədə 175 mln. manat, yaxud 27,4 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi proqnoz göstəricilərini 102,1 faiz yerinə yetirib ki, bu da 2005-ci ildən 140 mln. manat çoxdur. Dövlət büdcəsinə 516 mln. manat köçürülüb.

ARDNF-in büdcə köçürmələri 585 mln. manat təşkil edib.

Ötən il dövlət təşkilatlarının büdcədən kənar köçürmələri 66 mln. manat təşkil edib.

Büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, hələ də vergi potensialı mövcuddur və bu vəsaitlərin cəlb olunması üçün əlavə tədbirlər görülməlidir.

2006-cı ildə büdcə xərcləri 4025 mlrd. manat proqnoza qarşı 94,2 faiz icra olunmaqla 3790 mln. manat təşkil edib. 2005-ci illə müqayisədə xərclər 1649 mln. manat, yaxud 77,1 faiz artıb. ÜDM -də isə 3,4 faiz artmaqla 21,4 faiz təşkil edib.

Sənaye və tikinti xərcləri 2006-cı ildə 5,4 dəfə, müdafiə - 2,2 dəfə, iqtisadi fəaliyyət - 80,3 faiz, yaşayış-kommunal təsərrüfat - 54,9 faiz, səhiyyə - 40,6 faiz, gənclər siyasəti və bədən tərbiyyəsi - 39,7 faiz, kənd və meşə təsərrüfatı, balıqçılıq, ətraf mühitin mühafizəsi - 37,2 faiz, məhkəmə-hüquq sistemi - 35,1 faiz, mədəniyyət, incəsənət - 31,9 faiz, təhsil - 28,6 faiz, sosial müdafiə təminatı - 12 faiz və s. artımlar olub.

26,9 faiz faktiki xərclər tikinti və təmir işlərinə sərf olunub ki, bu da 2005-ci illə müqayisədə 4,3 dəfə çoxdur, 24 faiz əmək haqqı fonduna (61 faiz çoxdur), 2,6 faiz ehtiyat fondlarına (3.4 dəfə çox) sərf olunub.

Şərifovun sözlərinə görə, 2005-ci illə müqayisədə əhalinin adambaşına düşən gəlirləri 254 manatdan 445 manata, ÜDM isə 1488 manatdan 2078 manata artıb.

Xəbər lenti

Xəbər lenti