...

Azərbaycanda 200 dəvə saxlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun/müx.TrendLife Fərid Sadıxov/ Şərq ölkələrində "səhra gəmisi" adlandırılan dəvənin saxlanıldığı Hindistan, Pakistan, Əfqanıstan, İran, Suriya, Ərəbistan, Afrika və Orta Asiyada ondan həm yük və minik vasitəsi kimi, həm də əti, südü, yunu və dərisindən istifadə edirlər.

Tarixən Azərbaycan da dəvəçiliyin inkişaf etdiyi ölkələrdən biri olub. Lakin sovet hakimiyyəti illərində dəvəçilik tənəzzülə uğrayıb.

Kənd Təsərrüfatı Nazirliyinin bölmə müdiri Rafiq Nəcəfovun TrendLife-a bildirdiyinə görə, Azərbaycanın Abşeron, Beyləqan, Bərdə, Biləsuvar rayonları vaxtilə dəvəçiliyin mövcud olduğu bölgələr olub.

R.Nəcəfov bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkəmizdə dəvəçiliyin yenidən inkişaf etdirilməsi istiqamətində işlər görülür. Belə ki, artıq Abşeronda "Qobu" Dəvəçilik Təsərrüfatı yaradılıb. İndi həmin təsərrüfatda 98 dəvə saxlanılır. Ümumilikdə isə hazırda ayrı-ayrı şəxsi təsərrüfatlardakılarla birlikdə ölkəmizdə 200-dən çox dəvə saxlanılır.

R.Nəcəfov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi "Qobu" Dəvəçilik Təsərrüfatının inkişafı ilə əlaqədar təkliflər hazırlayıb. Yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunacaq təkliflər paketində bir sıra məsələlər yer alıb. Sənəddə dəvəçiliyin inkişafına 2007-2011-ci illərdə 1,5 milyon manata yaxın vəsaitin ayrılması təklif olunub. Ayrılacaq vəsait hesabına Orta Asiyadan müəyyən sayda dəvələrin alınması da planlaşdırılıb. Bu sahədəki problemlərin yaxın 4-5 ildə həll olunacağını deyən R.Nəcəfov bildirib ki, Azərbaycan xarici ölkələrə diri dəvə, eləcə də bu heyvanın əti, südü və yunundan hazırlanmış məhsullar ixrac edə biləcək.

Qeyd edək ki, dəvə əti delikates sayılır, ondan Azərbaycan milli mətbəxində həm də kiftə və qutab hazırlanarkən istifadə olunur. Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da dəvədən Qurban bayramı zamanı qurbanlıq heyvan kimi istifadə olunur.

Yeri gəlmişkən, Şərq ölkələrində dəvəni baş hesabı ilə deyil, nəfər hesabı ilə sayırlar. Həmin ölkələrdə qızlar gəlin köçərkən cehizinin arasında mütləq dəvə yunundan hazırlanmış əşya olmalıdır.

Xəbər lenti

Xəbər lenti