Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ ARDNŞ-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə istinadən verilən məlumata görə, Azərbaycan Dövlət Neft Şirkəti "Şahdəniz" yatağında qaz kondensant ehtiyatlarının 1,2 trln. kubmetr, kondensant ehtiyatlarının isə 240 mln. ton olduğunu təsdiq edib.
Ehtiyatlar yatağın cənub-qərb qanadında dördüncü kəşfiyyat quyusunun (SDX-4) qazılmasından sonra təsdiqlənib. Quyuda sınaq işləri uğurla başa çatdırılıb.
İlkin məlumatlara görə, quyunun "Fasilə layı"nın yuxarı hissəsindən, 16 mm ştuserdən 1 mln. kubmetr qaz və 300 ton kondensant alınıb.
"Şahdəniz" layihəsinin "Mərhələ 1" çərçivəsində qazın sabit hasilatı dövründə yataqda hasilat il ərzində 8,6 mlrd. kubmetrə, sutkada isə 45 min barrelə çatacaq. "Mərhələ 2" zamanı qaz hasilatını 20 mlrd. kubmetrə çatdırmaq nəzərdə tutulur.
"Şahdəniz" layihəsində hasilatın iştirakçı payına dair müqavilənin iştirakçıları BP (operator-25,5%), "Statoil" (25,5%), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ 10%), "LUKAgip" (10% ), NİCO (10%), "Total"(l0%) və TRAO (9%) şirkətləridir.