...

Azərbaycan İnvestisiya Şirkəti "Nordwind" ilə külək elektrik stansiyalarının tikintisinə dair danışıqların bərpasına hazırdır

Energetika Materials 22 Aprel 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir İ.Xalilova / "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) Almaniyanın "Nordwind Energieanlagen GmbH" şirkəti ilə Azərbaycanda külək elektrik stansiyalarının tikintisi layihəsinin reallaşdırılması üçün danışıqların bərpasına ümid edir. Bu barədə çərşənbə axşamı AİŞ-in icraçı direktoru Anar Axundov məlumat verib.

AİŞ, "Temirmasin" ASC və "Nordwind" arasında üçtərəfli niyyət memorandumunun ötən ilin sentyabrında imzalandığına baxmayaraq, Almaniya şirkəti hələ də öz təkliflərini təqdim etməyib.

"Biz bu layihəyə perspektivli layihə kimi baxmırıq, lakin təklifləri alsaq, qısa müddət ərzində danışıqları bərpa edə bilərik. Ancaq belə irəliləyişləri hələ ki, görmürük, bu layihəyə xüsusi diqqət yetirmirik" - deyə Axundov qeyd edib.

AİŞ elektrik enerjisinin bərpa olunan mənbələrinə sərmayə qoymağa hazırdır, lakin bunun üçün biznes-plan hazırlanmalı və layihəni idarə edən tərəfdaşlar olmalıdır.

Layihəyə əsasən, Azərbaycanın Xızı rayonunda illik ümumi gücü 13200 MVt/s olan altı külək elektrik stansiyasının tikintisi nəzərdə tutulub. İlkin mərhələdə orta hesabla 2200 MVt/saatlıq altı stansiyanın tikintisi və tikinti işlərinin tamamlanmasından sonra onların layihə gücünə qədər artırılması nəzərdə tutulub. Gələcəkdə layihənin genişləndirilməsi və yel dəyirmanlarının sayının artırılması planlaşdırılır.

Aparılmış ilkin araşdırmalar zamanı Azərbaycanda beş il ərzində 100 alternativ enerji mənbəyinin tikintisi planlaşdırılır. Hazırda Azərbaycanda alternativ elektrik enerjisi mənbələrindən əldə olunan enerjinin payı 1 faizə belə çatmır, əsas enerji su elektrik stansiyalarının payına düşür.

Gücündən asılı olaraq bir kiçik su elektrik stansiyasının tikintisi 1 MVt üçün 600 mindən 1 mln. dollar həcmində qiymətləndirilir.

Hələ 1998-99-cu illərdə Yaponiyanın "Tomen" şirkəti Azərbaycanda araşdırmalar aparıb və üç aylıq işin yekunlarına əsasən, hesabat hazırlanıb. Qobustanda tikiləcək 60 MVt gücə malik külək elektrik stansiyasının tikintisi 100 mln. dollar dəyərində qiymətləndirilib. Qobustan külək elektrik stansiyalarının tikintisi üçün ən ideal yerdir, belə ki, orada yerdən 10 km yuxarı məsafədə külək 8 m/s sürətlə əsir. Lakin o vaxtlar layihə maya dəyərinin yüksək olması səbəbindən dövlət tərəfindən dəstəklənməyib və təxirə salınıb.

Bununla yanaşı, AİŞ alternativ energetikanın inkişafı istiqamətində artıq ikinci niyyət memorandumunu imzalayır. Birinci memorandum Koreyanın "STX Energy" şirkəti ilə imzalanıb ki, layihənin qiyməti 41 mln. dollar təşkil edir.

Aprelin 22-nə rəsmi məzənnə 0,8286 AZN/USD təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti