Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir S.Əliyev/ Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev BP şirkəti tərəfindən "Şahdəniz" qaz kondensat yatağının işlənməsi üzrə "Mərhələ-2"nin reallaşdırılma müddəti ilə bağlı narahatlığını ifadə edib. BP "Şahdəniz" layihəsinin texniki operatorudur.
"Mən öz şəxsi münasibətimi bildirə bilərəm, hesab edirəm ki, BP bu layihə ilə bağlı işləri çox gecikdirir", - deyə nazir çərşənbə günü jurnalistlərə bildirib.
Əliyev bildirib ki, "Şahdəniz" layihəsi üzrə "Mərhələ-2"nin reallaşdırılması 2012-ci ilə nəzərdə tutulub, lakin "BP əgər belə işləməyə davam edərsə, bu, 2013-cü ildə başa çatacaq". "Mərhələ-2" üzrə "Şahdəniz" yatağında qaz hasilatı ildə 12 mlrd. kubmetrə çatdırıla bilər.
Onun sözlərinə görə, BP şirkəti "Mərhələ-2"nin reallaşdırılması üzrə ləngiməni qaz satışı bazarının marketinqi ilə izah edə bilər. "Hesab edirəm ki, bazara görə narahat olmaq lazım deyil. Bazar bizim əlimizdədir, həm də çox böyük bazar", - deyə nazir bildirib.
Onun fikrincə, Avropanın hazırkı və proqnozlaşdırılan qaz tələbatını nəzərə alsaq, "Şahdəniz" yatağı böyük əhəmiyyət əldə edib. "Buna görə, mən hesab edirəm ki, BP bir sıra prosesləri sürətləndirməli idi", - deyə Əliyev vurğulayıb.
Nazir hesab edir ki, "Mərhələ-2"də ildə hasil olunacaq 12 mlrd. kubmetr qaz həcmi ehtiyatları 1,2 trln. kubmetr qiymətləndirilən "Şahdəniz" yatağının iriliyi nəzərə alınarsa, yetərli deyil.
"Biz beynəlxalq təcrübəmizi nəzərə alsaq, yataqda qaz hasilatı plankasını daha çox qaldıra bilərdik. Bu tipli yataq sıfırdan başlayaraq 2 il yarım ərzində ildə 20-40 mlrd. kubmetr hasilat həcminə çatır", - deyə nazir bildirib.
Əliyev hesab edir ki, "Şahdəniz" yatağında qaz hasilatı həcmini artırmaq üçün iş proqramına yenidən baxmağa dəyər.
"Düşünürəm ki, həcmi ["Mərhələ-2"də qaz hasilatını] sərbəst şəkildə ildə 30 mlrd. kubmetrə [Planlaşdırılan 12 mlrd. kubmetrdən] qaldırmaq olar", - deyə nazir bildirib.