Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir.
"Düşünürəm ki, aralarındakı münasibət bu səviyyədə olan digər ölkələr yoxdur", - Türkiyə Böyük Millət Məclisində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı bildirib. Azərbaycan prezidentinin çıxışı TRT2 telekanalının birbaşa efirində yayımlanıb.
"Mal dövriyyəsi artır, əksər Türkiyə şirkətləri Azərbaycanda, Azərbaycan şirkətləri isə Türkiyədə işləyir. Bu gün biz artıq qarşılıqlı sərmayələrdən danışırıq ki, bu da çox vacibdir", - İlham Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycana yatırılmış sərmayələr ölkə iqtisadiyyatını gücləndirir.
"Biz şadıq ki, bu sərmayələrin böyük bir hissəsi məhz Türkiyədən daxil olur. Azərbaycan şirkətləri Türkiyəyə sərmayə yatırmağa başlayıblar. Bu bir tərəfdən Azərbaycanın artan imkanlarından xəbər verir, digər tərəfdən isə ölkələr arasında dost münasibətlərdə vacib rol oynayır", - Azərbaycan prezidenti bildirib.
Dövlət başçısının sözlərinə görə, birgə təşəbbüslər nəticəsində regionda vacib transmilli layihələr realizə olunur. Bakı - Tbilisi - Ceyhan (BTC) neft kəmərinin uğurlu işi ölkələrin iqtisadi imkanlarını artıraraq, regionda həm sabitliyə, həm də əməkdaşlığın dərinləşməsinə təsir göstərir.
"Bu gün biz artıq Şərq-Qərb enerji dəhlizinin uğurlu fəaliyyətini müşahidə edirik. Bunun əsasında bizim birgə təşəbbüslərimiz dayanır. Hər kəs bilir ki, BTC boru kəmərinin tikintisi çox çətin geosiyasi şəraitdə həyata keçirilib və biz bu layihənin realizəsinə uzun danışıqlar, hətta mübahisələrdən sonra nail ola bildik", - Azərbaycan prezidenti bildirib.
İllik gücü 50 mln. ton neftə bərabər olan BTC boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən yüngül Azərbaycan nefti nəql olunur.
"Bu, yalnız enerji və iqtisadiyyat layihəsi deyil. Bu layihənin çox mühüm mənası var və uzun illər ərzində xalqlarımızı iqtisadi maraqlarla birləşdirəcək", - İlham Əliyev bildirib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın iştirakı olmadan regionda enerji təhlükəsizliyi məsələləri həll edilə bilməz.
"Xəzər dənizinin təbii ehtiyatları dünya eneri bazarı üçün yeni mənbədir. Bu mənbənin vacibliyi artacaq", - İlham Əliyev bildirib.
Qaz əməliyyatlarına toxunan prezident bildirib ki, bir neçə il əvvəl Azərbaycan qaz idxalı ilə məşğul olsa da, bu gün ölkə artıq onu ixrac edir və ilk növbədə Türkiyəyə.
"Əminəm ki, qarşıdakı illərdə qaz ehtiyatlarının işlənilməsi nəticəsində Azərbaycanda daha çox həcmlər olacaq", - ölkə prezidenti bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]