Azərbaycan, Bakı, 15 noyabr / Trend , müxbir E.İsmayılov/ Yaxın vaxtlarda SOCAR-ın neft terminalı vasitəsilə Gürcüstanın Kulevi limanına aylıq neft və neftməhsullarının boşaldılması 350 min ton olacaq, - şənbə günü terminaldan işlə bağlı olan mənbə xəbər verib.
"Yaxın vaxtlarda yükboşaltmanı 350 min tona çatdırmaq üçün bütün imkanlarımız var ", - mənbə deyib.
Mənbə söyləyib ki, oktyabrda yükboşaltma həcmi 280 min ton olub, noyabrda da analoji göstərici gözlənilir.
Sentyabrda terminal vasitəsilə 190 min ton neft və neft məhsulları daşınıb.
Kulevi terminalı may ayında istimara verilib, yükboşaltmaya faktiki olaraq iyun ayından başlanılıb. Terminaldakı iş dövründə 1 milyon ton neft və neft məhsulu daşınıb.
Terminalın ümumi yükboşaltma gücü ildə 10 mln. ton neftmaye yükləri, o cümlədən 3 mln. ton neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut təşkil edir. Terminal eyni vaxtda 168 vaqon - sistern qəbul edə bilər. Ehtiyat parkının ümumi həcmi 320 min kubmetrdir. Liman 100 min ton dedveytlə tankerləri qəbul etməyə qabildir - bu, layihəni iqtisadi cəhətdən səmərəli edir. İki il ərzində terminalın yükdaşıma qabiliyyəti 15 -20 mln. tondur.
Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]