...

Bakıda yaşayış binasında partlayışdan zərər çəkmiş sakinlərə dəymiş zərər hesablanır – Baş nazirin müavini (video)

Energetika Materials 20 Yanvar 2009 12:27 (UTC +04:00)
Bakıda yaşayış binasında partlayışdan zərər çəkmiş sakinlərə dəymiş zərər hesablanır – Baş nazirin müavini (video)

Azərbaycan, Bakı, 20 yanvar/ Trend , müxbir A.Hüseynbala/ Yanvarın 16 - da Bakıda, partlayış baş vermiş beşmərtəbəli yaşayış binasının sakinlərinin əmlakına vurulan zərər hesablanır. Yaxın iki gündə zərərin ölçüsü müəyyən ediləcək, - Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov çərşənbə axşamı jurnalistlərə bildirib.

Baş nazir müavininin sözlərinə görə, hökumət sakinlərə dəymiş zərəri ödəyəcək.

Şərifov əhalini məişət qazından istifadə zamanı ehtiyatlı olmağa çağıraraq qeyd edib ki, partlayışların əksəriyyəti təhlükəsizlik qaydalarına riayət olunmaması nəticəsində baş verir. Baş nazir müavininin sözlərinə görə, Cavad Xan küçəsi 30 ünvanında baş vermiş partlayışın təhqiqatının nəticələri göstərib ki,  mənzilə qanunsuz qaz xətti çəkilib.

Yanvarın 16 - da Bakıda, Cavad Xan küçəsi 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib və bir girişin dörd və beşinci mərtəbələri tamamilə dağılıb.

Hadisə nəticəsində beş nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev həmin gün bildirib ki, ilkin versiyalara görə, partlayış mənzillərdən birində qaz sızması nəticəsində baş verib.

Bakıda, Cavad Xan küçəsi 30 ünvanında yerləşən beşmərtəbəli binada baş vermiş partlayışla əlaqədar Orxan Əliyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Trend - a bazar ertəsi paytaxt prokurorunun birinci müavini Fazil Həsənəliyev bildirib.

Əliyev bu binanın 60 - cı mənzilinin sakinidir. O, Bakının Nəsimi rayon Polis İdarəsinin 19 - cü bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Əliyev Cinayət Məcəlləsinin 124.2 (Ehtiyatsızlıqdan iki və daha artıq insanın öldürülməsi) və 187.3 (ağır nəticələrə gətirib çıxaracaq ehtiyatsızlıq  üzündən əmlakın məhv edilməsi və ona ziyan vurulması) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilinir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti