Azərbaycan, Bakı, 19 may / Trend /
2013-cü ildə qaz idxalından olduqca asılı olan İtaliyada ümumi gücü ildə 16 mlrd. kubmetr olan iki yeni qaz kəməri inşa edilə bilər. Bu barədə "Reuters" yazır.
"Galsi" qaz kəməri (Əlcəzair-İtaliya) konsorsiumunun sədri Roberto Poti bildirib ki, Əlcəzair qazının İtaliyaya ixracı üçün nəzərdə tutulan və ümumi gücü ildə 8 mlrd. kubmetr olan "Galsi" boru kəməri planlaşdırılan dövrdən bir il gec - 2013-cü ildə istismara veriləcək.
Tikintidə gecikmələrin olduğuna dair məlumatı Əlcəzairin layihədə 41,6 faiz paya malik olan "Sonatrach" şirkəti xəbər vermişdi. Potinin sözlərinə görə, "Galsi" boru kəmərinin tikintisi üzrə ilkin plana dənizin dibinin tədqiqi nəticəsində boru kəməri marşrutunun dəyişdirilməsi kimi səciyyəvi detalları çıxmaq şərti ilə ümumi işlər daxil idi. "Hazırda biz marşrutu müəyyən etmişik. Və ola bilsin ki, nə vaxtsa qaz kəmərinin 2012-ci ildə istismara verilməsi gözlənilirdi. Lakin hazırda bu 2013-cü ildir", - deyə Poti bildirib.
"Galsi" boru kəməri "Sonatrach"-ın tədarükləri hesabına tam olaraq doldurulacaq. "Galsi" layihəsinin digər tərəfdaşları: İtaliyanın Edison şirkəti - 20,8 faiz, Enel - 15,6 faiz, Hera şirkəti - 10,4 faiz və Sardiniya - 11,6 faiz.
Potinin məlumatına görə, boru kəmərinin tikintisi üzrə bütün lazımi sənədlər ilin sonunadək İtaliyaya təqdim olunacaq. Layihə üzrə yekun investisiya qərarının 2010-cu ildə veriləcəyi gözlənilir.
Potinin sözlərinə görə, Yunanıstan və Türkiyədən keçməklə İtaliyaya ildə 8 mlrd. kubmetr Xəzər qazını tədarük edəcək digər boru kəməri - ITGI (Türkiyə-Yunanıstan-İtaliya) 2012-2013-cü illərdə istifadəyə veriləcək.
"ITGI layihəsini reallaşdırmaq Galsi-dən asandır, lakin burada vəziyyət Azərbaycan və Türkiyə arasında bizim yaxın günlərdə imzalanmasını gözlədiyimiz qaz tədarükü üzrə sazişdən asılıdır", - deyə Poti vurğulayıb.
Ümumi uzunluğu 900 km. olan və bir hissəsi dənizin dibi ilə çəkiləcək "Galsi" qaz kəməri Əlcəzair sahillərini cənubdan İtaliyanın Sardiniya adası ilə bağlayacaq.
"ITGI" boru kəmərinin layihə gücü ildə 8 mlrd. kubmetr qaz təşkil edir.
Yunanıstan, İtaliya və Türkiyə "ITGI" tranzit qaz kəmərində iştirak edir. Layihəçilərin planlaşdırdığına görə, bu qaz kəməri Türkiyəni Qərbi Avropa ilə bağlayacaq və Avropa İttifaqına beş əsas qaz nəqli yollarından biri olacaq. Bu layihə İtaliya, Yunanıstan və Türkiyəni Xəzər dənizindən təbii qaz tranzitçiləri edəcək.