Azərbaycan, Bakı, 16 iyun / Trend /
Yanvar-mayda Azərbaycanda təqribən 20,4 mln. ton neft və kondensat hasil edilib ki, bu da 2008-ci ilin analoji dövründəki neft və kondensat həcmindən 2,3 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-mayda neft hasilatı həcmi əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşüb. ABƏŞ bu dövr ərzində "Azəri-Çıraq-Günəşli" yataqları blokundan və "Şahdəniz" qazkondensat yatağından ötən ilin analoji dövrünə nisbətdə 3,3 faiz çox, 16,9 mln. ton neft və qazkondensat hasil edib.
Yanvar-mayda Azərbaycanda qaz hasilatı təqribən 10 mlrd. kubmetr təşkil edib ki, bu da 2008-ci ilin analoji dövrü ilə müqayisədə 2,4 faiz çoxdur. "Azəri-Çıraq-Günəşli" yataqlar bloku (səmt qazı) və "Şahdəniz" yatağının payına təqribən 4,7 mlrd. kub metr qaz düşüb. Bu göstərici ötən ilin analoji dövrünə nisbətən 34,8 faiz çoxdur.
2009-cu ilin yanvar-mayında Azərbaycanda 8,4 mlrd. kiloVatt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2008-ci ilin analoji dövrü ilə müqayisədə 8,3 faiz azdır.