...

Yeni neft-kimya kompleksi Azərbaycana nələri vəd edir?

Energetika Materials 3 Avqust 2009 15:29 (UTC +04:00)

19 yeni müəssisə və istehsalatı özündə birləşdirəcək bu nəhəng kompleksin tikintisi ilə Azərbaycanda ilk dəfə olaraq dünya bazarında tələbatın çox yüksək olduğu aşağı təzyiqli polietilen (ildə 400 min ton) və polipropilen (ildə 130 min ton) istehsal ediləcək, yüksək təzyiqli polietilenin istehsal həcmi 2,5 dəfə artırılaraq 300 min tona çatdırılacaq, kənd təsərrüfatı ildə 1milyon ton azot gübrələri ilə təmin ediləcəkdir. 

Son dövrlərdə dünyada kimya və neft-kimya sənayesi məhsullarına olan tələbatın durmadan artması dünya bazarında "Azərikimya" Dövlət Şirkətinin məhsullarına olan diqqət və tələbatı da yüksəltmişdir. Bu isə ölkədə kimya məhsullarının çeşidinin genişləndirilməsini və keyfiyyətinin artırılmasını təmin edə bilən, ən son texnologiyalar və müasir avadanlıqların tətbiq olunaraq ixrac məhsullarının həcmini maksimum artırmağa imkan verən yeni neft-kimya kompleksinin inşasına böyük zərurət yaratmışdır. 

Bu gün onlarla adda və çox qiymətli, yüksək keyfiyyətli kimya və neft-kimya məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac edilməklə beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın kimya və neft-kimya sənayesinin ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulması, tələbatın daha yüksək olduğu yeni kimya məhsullarının istehsalına başlanılması istiqamətində aparılan geniş miqyaslı işlər yaxın gələcəkdə respublikamızı kimya sənayesi məhsullarının istehsal həcmi və keyfiyyəti baxımından dünyanın qabaqcıl dövlətlərindən birinə çevirəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi və istehsalata ən müasir texnologiyaların tətbiqi ilə bağlı irəli sürdüyü konsepsiyaya uyğun olaraq "Azərikimya" Dövlət Şirkətinin Azərbaycanda ən yüksək beynəlxalq standartlara cavab verən yeni neft-kimya və gübrə kompleksinin yaradılması sahəsində apardığı işlər bu gün dünyanın bir çox aparıcı neft-kimya şirkətlərinin diqqət mərkəzindədir.

Azərbaycan iqtisadiyyatı üçün böyük perspektivlər vəd edən yeni neft-kimya kompleksinin yaxın zamanlarda reallaşdırılması istiqamətində son illər Şirkət rəhbərliyi tərəfindən real nəticələrə nail olunmuşdur və bu sahədə işlər intensiv surətdə davam etdirilməkdədir. Son iki il ərzində yeni komplekslə bağlı müvafiq sənədlər dünyanın ən qabaqcıl şirkətləri ilə birlikdə bütün prosedur qaydalarına uyğun olaraq hazırlanmış və beynəlxalq banklar və investorlar tərəfindən qəbul edilmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, ən müasir və ən yüksək texnologiyalar tətbiq edilərək yaradılacaq yeni neft-kimya və gübrə kompleksinin layihəsinin reallaşdırılması məqsədilə bu sahədə zəngin təcrübəyə malik olan "Exxon Mobile" (ABŞ), "İneos" (İngiltərə), "Basell" (Hollandiya), "Uhde" ("Thysenn Krupp" - Almaniya), "Technip" (Fransa), KBR (İngil­tərə) firmalarının müasir texnologiya­la­rı­­nın tət­biqi nəzərdə tutulmuş və onlarla müvafiq kontraktlar, əməkdaşlıq haqqında memorandumlar imzalanmışdır.

"Azərikimya" Dövlət Şirkətinin prezidenti, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Məcid Kərimovun qeyd etdiyi kimi, yeni kompleksin reallaşdırılması Xəzər və Aralıq dənizləri ilə əhatə olunan böyük bir regionda Azərbaycanın kimya və neft-kimya sənayesindəki yüksək mövqeyini təmin edəcəkdir.

M.Kərimovun bildirdiyinə görə, yeni neft-kimya kompleksinin tikintisi üç mərhələdə aparılacaqdır. Onun ilkin mərhə­ləsi etilen, propilen, yüksək təzyiqli polietilen, aşağı təzyiqli propilen və benzol istehsalatlarının, mineral gübrələr istehsalı zavodunun və qazayırma qurğusunun inşasını nəzərdə tutur. Yeni kompleksin ilk istehsalat korpuslarının istifadəyə verilməsi ilə ölkəmizin kimya və neft-kimya sənayesi özünün daha yüksək inkişaf mər­hələsinə qədəm qoyacaq, Azərbaycanın yeni kimya məh­sulları olacaq propilen, polipropilen və aşağı təzyiq­li polieti­len ilk dəfə olaraq dünya bazarına çıxarılacaqdır. 

Yeni kompleksin inşasının ikinci mərhələsinin başa çatması ilə daha bir-neçə yeni məhsulun -etilen-qlikol, butadien (butadien-stirol kauçuku üçün əsas xammal), etil-benzol və stirolun istehsalına başlanılacaqdır.

Son - üçüncü mərhələ əvvəlki mərhələlərdə alınmış kimya məhsullarının törəmələrinin, o cümlədən müxtəlif poliolların, poliuretanın, dünya bazarında tələbatın xüsusilə çox olduğu butadien-stirol kauçukunun, polistirolun, alkilbenzolun və s. istehsalına zəmin yaradacaqdır. Yeni neft-kimya kompleksi Azərbaycanın kimya sənayesinin məhsullarının çeşidinin xeyli artmasını və istehsal həcminin genişlənməsini təmin etməklə yanaşı "Azərikimya"nın dünya bazarındakı mövqeyinin daha da möhkəmlənməsinə, ölkəyə valyuta axınının artımına, bütünlükdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafına, yüksəlişinə səbəb olacaqdır. Belə ki, yeni kompleksdə alınacaq məhsulların hər birinə dünya miqyasında çox böyük ehtiyac vardır, onların tətbiq sahələri olduqca geniş və müxtəlifdir.

Məsələn, propilenin əldə olunması ilə geniş istehsalına başlanılması nəzərdə tutulan, yüksək fiziki-kimyəvi xassələrə malik, yüngül, lakin möhkəm və davamlı olan polipropilen bir çox sahələrdə metalı əvəz edə bilən çox qiymətli material olduğundan ona bütün dünyada olan tələbat olduqca yüksək olaraq qalmaqda davam edir. Belə ki, polipropilen sənayenin ən müxtəlif sahələrində - aviasiya və avtomobil sənayesində, kənd təsərrüfatı maşınlarının istehsalında müxtəlif qovşaq və hissələrin, dəqiq mexanizmlərin müxtəlif elementlərinin, tibbi cihaz və aparatların, məişət avadanlıqları və hidroizolyasiya materiallarının hazırlanmasında, toxuculuqda (texniki parçalar, sintetik xalçalar istehsalında), həmçinin digər sahələrdə geniş surətdə istifadə olunan əvəzsiz kimya məhsulu kimi tanınır.

Aşağı təzyiqli polietilen, propilenqlikol və istehsalı nəzərdə tutulmuş digər yeni məhsullar da sənaye (həmçinin tikinti sənayesi) və kənd təsərrüfatında, əczaçılıq və yeyinti sahələrində çox işlənən bir sıra məmulatlar üçün ən qiymətli kimya məhsullarıdır. Benzolun istehsalı nəticəsində Azərbaycanda ilk dəfə istehsalına başlanılacaq polistirol da sənayenin bir çox sahələrində ən müxtəlif konstruksiya, örtük və qablaşdırma məmulatlarının və s. hazırlanmasında öz geniş tətbiqini tapmışdır.  

Xüsusilə əhəmiyyətlidir ki, yeni kompleksin tam istifadəyə verilməsindən sonra ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək yüksək keyfiyyətli butadien-stirol lateksinin və butadien-stirol kauçukunun istehsalı təmin ediləcəkdir. Dünya bazarında tələbatın yüksək olduğu bu kauçuk növü ən müxtəlif təyinatlı rezin məmulatları, avtomobil şinləri, nəqliyyat lentləri istehsalı və ayaqqabı sənayesi üçün əvəzsiz xammaldır.  

Göründüyü kimi, ən müasir və mütərəqqi texnologiyaya malik yeni neft-kimya kompleksinin inşası təkcə kimya və neft-kimya sənayesinin deyil, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sahələrinin də dinamik, sürətli inkişafına təkan verəcəkdir. Tikintisi nəzərdə tutulan 19 yeni müəssisənin istehsalat və qurğuları dünyanın ən mütərəqqi, tullantısız texnologiyaları əsasında inşa ediləcəyindən ekoloji şəraitin daha da yaxşılaşdırılması da maksimum təmin ediləcəkdir. İxrac olunacaq neft-kimya məhsullarının istehsal həcminin ardıcıl olaraq artırılması və çeşidinin genişləndirilməsi sayəsində ölkəmizin sənaye potensialının yüksəldilməsi, iqtisadi qüdrətinin gücləndirilməsi, ölkəmizə valyuta axınının həcminin artırılması istiqamətində mühüm addım atılmış olacaqdır.

Şübhə yoxdur ki, dünyanın ən müasir texnologiyaları əsasında yaradılacaq yeni neft-kimya kompleksi Azərbaycan Respublikasını regionda neft-kimya məhsullarının mühüm istehsalçısına çevirəcək, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaqdır. Bu isə öz növbəsində respublikanın yüksək templə inkişaf edən xalq təsərrüfatının digər sahələrində - tikinti, səhiyyə, cihazqayırma, kənd təsərrüfatı, maşınqayırma, avtomatika və məişət avadanlıqlarının istehsalı üçün ölkəmizdə ən müasir, dünya standartlarına cavab verən yeni istehsal və xidmət sahələrinin yaradılmasına, çoxprofilli iş yerlərinin açılmasına, yüksək ixtisaslı kadrların hazırlanmasına imkan verəcək, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin yeni bir təntənəsi olacaqdır.

Xəbər lenti

Xəbər lenti