Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir E.İsmayılov /
2010-cu ilin əvvəlində "Günəşli" yatağının dayaz hissəsində atmosferə aşağıtəzyiqli səmt qazlarının buraxılmasının azaldılması məqsədi ilə monitorinq keçiriləcək. Bu barədə ARDNŞ-dən məlumat verilib. Bu yataq müstəqil şəkildə işlənir. Monitorinq BMT-nin təmiz inkişaf mexanizmi çərçivəsində keçiriləcək. Nəticələrə görə azalma faktı təsdiq edilərsə, sertifikat təqdim ediləcək.
"Bizdə inşaat prosesləri və yeni kompressor stansiyalarının yoxlanılması işləri paralel aparılır. Lakin təmiz inkişaf mexanizmi çərçivəsində sertifikatlaşdırma prosesi 3-4 ayadək uzana bilər. Yoxlamanın aparılması üçün monitorinq qrupu gələn ilin əvvəlində dəvət ediləcək", - mənbə deyib.
Mənbənin dediyinə görə, yeni stansiyanın inşası çərçivəsində kompressorların qurulması artıq başa çatdırılıb. Hazırda inşaat işləri son mərhələdədir. Bu mərhələdə kabellərin çəkilməsi, zəruri avadanlıqların, və birləşdirici boruların qurulması prosesi gedir.
"ARDNŞ yeni kompressor stansiyasını iş planına uyğun olaraq bu ilin sonunadək istismara verməyi planlaşdırıb", - mənbədən deyilib.
"Günəşli-4" platformasında yeni kompressor stansiyasının qurulması nəticəsində atmosferə aşağıtəzyiqli qazın buraxılması 90 faiz azalacaq", - bir müddət əvvəl ARDNŞ-ın ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev deyib.
ARDNŞ "Günəşli" yatağının dayaz hissəsindəki aşağıtəzyiqli səmt qazını toplamaq niyyətindədir. Bu qaz sıxıldıqdan sonra Azərbaycanın qaz emalı zavoduna və ya milli qaz nəqliyyatı sisteminə göndərilərək abunəçilərə veriləcək. Həmin qazın nəql edilməsi üçün artıq quruda boru kəməri çəkilib.
Əvvəllər bu qaz infrastrukturun çatışmaması səbəbindən atmosferə atılırdı. Lazımi infrastrukturun qurulması və layihənin reallaşmasının dəyəri 150 milyon dollardır.
Atılan qazın həcmi ildə 150-250 milyon kubmetr təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]