...

Türkiyə Azərbaycan qazını yeni qiymətlə alacaq

Energetika Materials 28 Oktyabr 2009 12:52 (UTC +04:00)
Türkiyə Azərbaycan qazının qiymət fərqini birdəfəyə ödəyəcək və gələcəkdə yanacağı yeni qiymətlə alacaq. Bu haqda Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib.
Türkiyə Azərbaycan qazını yeni qiymətlə alacaq

Azərbaycan, Bakı, 28 oktyabr / Trend /

Türkiyə Azərbaycan qazının qiymət fərqini birdəfəyə ödəyəcək və gələcəkdə yanacağı yeni qiymətlə alacaq. Bu haqda Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib.

Azərbaycana ödəniləcək məbləğ, qazın qiyməti haqqında əldə olunacaq razılıqdan asılı olacaq. Türkiyə mətbuatının məlumatına görə, bu məbləğ 500 milyon dollardan 1.1 milyard dollara qədər dəyişə bilər. Nazir özü isə məbləğin 500-600 milyon dollar arasında olacağını deyir.

Onun sözlərinə görə, gələn həftə Bakıda növbəti danışqlar aparılacaq. "Şah Dəniz" yatağından Türkiyəyə nəql olunan Azərbaycan qazının qiyməti, bu qazın satışı və onun Türkiyə ərazisindən Avropaya nəqli məsələləri ilə birlikdə müzakirə olunur.

Nazirin sözlərinə görə, Azərbaycan Türkiyənin tranzit üçün təklif etdiyi tariflərin yüksək olduğunu bildirir. Nazir deyib ki, əgər Rusiya qazın nəqlinin hər 1000 kubmetrinin hər 100 kilometrinə 2.6 dollar təklif edirsə, Azərbaycana 2.36 dollar təklif olunur.

ARDNŞ "Şah Dəniz" yatağının işlənmə layihəsi çərçivəsində Azərbaycan qazının qiyməti ilə bağlı Türkiyə ilə kommersiya razılığı imzalamağı planlaşdırır.

Bu gün Türkiyə Azərbaycan qazının 1000 kubmetrini 120 dollara alır. Bununla belə, Türkiyənin daxili bazarında qazın 1000 kubmetri 380 dollar təşkil edir.

Türkiyə ilə bağlanan müqavilədə o da göstərilib ki, qazın qiyməti tədarükə başlandığı vaxtdan bir il sonra yenidən nəzərdən keçirilə bilər. Bu halda, yeni qiymət (tərəflərinin razılaşdıracağı) 2008-ci il 15 aprel tarixindən tətbiq ediləcək.

Müqaviləyə əsasən, "Şah Dəniz" yatağının işlənmə layihəsinin birinci mərhələsi çərçivəsində hər il Türkiyəyə 6,6 mlrd. kubmetr qaz tədarük olunacaq. "Şah Dəniz" üzrə tərəfdaşlar bu tədarük həcmini bu il əldə etmək niyyətindədirlər.

"Şah Dəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti