Азərbaycan, Bakı, 29 aprel /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin qaz təsərrüfatı sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması məqsədilə ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşısında cari ilin sonunadək yeraltı qaz anbarlarının tutumunu üç milyard kubmetrə çatdırmaq, mövcud kompressor stansiyalarının gücünü artırmaq, regionların qazlaşdırılması prosesini intensivləşdirmək kimi həllivacib vəzifələr qoyub. Hazırda ARDNŞ tərəfindən bu istiqamətlərdə mühüm addımlar atılır. Bu barədə şirkətin məlumatında bildirilir.
Hazırda ARDNŞ Qaradağ və Qalmaz yeraltı qazsaxlama anbarlarında yenidənqurma təbdirləri, regionların mavi yanacaqla fasiləsiz və keyfiyyətlə təmin olunması üçün təmir-tikinti işləri aparır.
Naxçıvan Muxtar Respubilkasının təbii qazla təmin edilməsində xüsusi əhəmiyyətə malik Astara kompressor stansiyasının müasir avadanlıqlarla təchiz edilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Burada məhsuldarlığın artırılması və bununla nəql edilən qazın gündəlik həcminin 5 milyon kubmetr səviyyəsinə çatdırılması məqsədilə stansiyanın əlavə kompressor aqreqatları ilə genişləndirilməsi işləri uğurla davam etdirilir.
Hazırda kompressor stansiyasının gündəlik məhsuldarlığı iki milyon kubmetr təşkil edir. Stansiyada qaz sıxılaraq 50-55 atmosfer təzyiqlə İran İslam Respublikasıın qaz nəqli sisteminə ötürülür. Genişləndirmə tədbirlərinin həyata keçirilməsindən sonra, təkcə Naxçıvan MR-in qaza olan tələbatı təmin edilməyəcək, həm də İrana qaz ixracı üçün əlavə imkanlar yaranacaq.